Britaniya mətbuatında yayılan məlumata görə, Hindistan vətəndaşı Böyük Britaniyada işəgötürənin ona bir il ərzində heç bir iş növbəsi verməməsi səbəbilə əmək məhkəməsində təxminən 30 000 funt-sterlinq kompensasiya qazanıb.
HİT.az xəbər verir ki, Hindistan vətəndaşı Böyük Britaniyada “Swan Care Solutions Ltd” adlı qayğı xidmətləri şirkətinə viza sponsorluğu ilə gəlmişdi. Məhkəmə müəyyən edib ki, Şabin Şaci “işə başlamağa hazır, bacarıqlı və işləmək istəyən” şəxs olsa da, işəgötürən ona bir il ərzində heç bir iş günü təqdim etməyib.
Şaci 2023-cü ildə Hindistanın Kerala ştatından Stafford şəhərinə köçüb. O, Böyük Britaniyada sosial və tibbi işçilərə ciddi tələbat olduğunu düşünərək ölkəni tərk etmişdi. Səfər üçün avtomobil alıb və onlayn təlimlərdən keçib.
Məlumata görə, o, iş tapmaq üçün YouTube-da bir bloqerdən məsləhət alıb və həmin şəxs onu vasitəçilərə yönləndirib. Şaci bu vasitəçilərə 17 000 funt sterlinq (təxminən 875 000 manat) ödəyib. Daha sonra WhatsApp vasitəsilə müsahibədən keçib və Böyük Britaniya Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənmiş “Swan Care Solutions Ltd” şirkətinin sponsorluq sertifikatını alıb.
Diplomlu kompüter elmləri mütəxəssisi olan və Hindistanda səhiyyə sahəsində təcrübəyə malik Şaci Böyük Britaniyada ciddi maddi çətinliklərlə üzləşib. Şirkət onun işə çıxması ilə bağlı dəfələrlə müraciətlərinə cavab verməyib və ona növbə təyin etməyib.
Viza şərtlərinə görə, o, başqa işə keçə bilmədiyi üçün həftədə yalnız 20 saata qədər əlavə iş imkanı ilə məhdudlaşıb. Yalnız bir ildən sonra, 2024-cü ilin aprelində sponsorunu dəyişə bilib, lakin daha sonra səhhətinin pisləşməsi səbəbilə Hindistana qayıtmaq məcburiyyətində qalıb.
Məhkəmə dinləmələri zamanı məlum olub ki, işəgötürən ona qeyri-rəsmi şəkildə əlavə iş və ya hətta “nağd ödənişli iş” axtarmağı məsləhət görüb və onu ərzaq banklarına yönləndirib.
Əmək tribunalının hakimi Keyt Edmonds bildirib ki, şirkət faktiki olaraq əməkhaqqını qanunsuz şəkildə saxlayıb. Qərarda qeyd olunub ki, Şaci bütün öhdəlikləri yerinə yetirsə də, işəgötürən ona iş təmin etməyib və onu sanki sıfır saatlıq müqavilə ilə işləyən şəxs kimi saxlayıb.
Nəticədə məhkəmə “Swan Care Solutions Ltd” şirkətini 28 843,54 funt sterlinq əməkhaqqı və məzuniyyət ödənişləri, əlavə olaraq isə 8 700 funt sterlinq məhkəmə xərclərini ödəməyə məcbur edib. Böyük Britaniya Daxili İşlər Nazirliyi isə 2024-cü ildə şirkətin xarici işçiləri cəlb etmə lisenziyasını ləğv edib.
Bu iş Böyük Britaniyada əmək miqrasiyası sistemində mövcud problemləri və işəgötürən nəzarətinin zəif tərəflərini bir daha gündəmə gətirib.
Samir

