Avropanın müxtəlif ölkələrində sərnişindaşıma fəaliyyəti göstərən Almaniyanın “FlixBus” şirkəti Krakov şəhərindən Polşanın kurort şəhəri Helə gedən 666 nömrəli avtobus marşrutunu istifadəyə verib.
HİT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Sözügedən marşrut daha əvvəl də mövcud olub və adındakı simvolik uyğunluq səbəbindən geniş diqqət çəkib. Belə ki, Hel şəhərinin adı ingilis dilindəki “Hell” (cəhənnəm) sözünə bənzəyir, 666 rəqəmi isə xristian ənənəsində “Heyvanın sayı” kimi tanınır.
Əvvəllər bu marşrut Polşanın “PKS Gdynia” şirkəti tərəfindən idarə olunurdu. Bəzi şəxslər onu məşhur “AC/DC” qrupunun albomuna istinadən zarafatla “Cəhənnəmə aparan magistral” (“Highway to Hell”) adlandırırdılar. Lakin 2023-cü ildə konservativ dini qrupların tənqidlərindən sonra marşrutun nömrəsi 669 olaraq dəyişdirilmişdi.
Hazırda isə “FlixBus” şirkəti özünün 666 nömrəli marşrutunu istifadəyə verib. Şirkətdən bildirilib ki, 666 rəqəmi marşrutun tanınmasını artırmaq məqsədilə marketinq elementi kimi qəsdən seçilib.
“666 rəqəmi bu populyar turizm istiqamətinin daha çox diqqət cəlb etməsi və yadda qalması üçün məqsədli şəkildə seçilib”, deyə şirkətin açıqlamasında qeyd olunub.
Samir


