Finlandiya 2030-cu ildən sonra müdafiə xərclərini iki dəfə artıracaq

DÜNYA
16:24 / 02.06.2026
46

2030-cu illərdə Finlandiya müdafiəyə hazırkı dövrlə müqayisədə təxminən iki dəfə çox vəsait ayıracaq. 

HİT.az xəbər verir ki, bu, ölkənin müdafiə naziri Antti Hakkanana təqdim edilən parlament partiyalarının işçi qrupunun hesabatında əks olunub.

Hesabat müəlliflərinin məlumatına görə, Finlandiya bu il müdafiə sahəsinə 7,7 milyard avro xərcləyəcək. Bu məbləğin 2029-cu ildə 14 milyard avrodan çox olacağı və ən azı 2036-cı ilə qədər 14–15 milyard avro səviyyəsində qalacağı gözlənilir.

“Bu il Finlandiya müdafiəyə 7,7 milyard avro xərcləyəcək. Ehtiyac 2029-cu ildə 14 milyard avronu keçəcək və ən azı 2036-cı ilə qədər 14–15 milyard avro səviyyəsində qalacaq”, hesabatda qeyd olunub.

Belə bir göstərici NATO-nun müəyyən etdiyi hədəfi də üstələyir. Alyansın planına əsasən, birbaşa müdafiə xərcləri ümumi daxili məhsulun (ÜDM) ən azı 3,5 faizini təşkil etməlidir.

Sənəddə bildirilir ki, Finlandiya üçün uzunmüddətli və proqnozlaşdırılması çətin təhlükə mənbəyi olaraq Rusiya qalacaq.

İşçi qrupunun sədri Yukka Kopranın sözlərinə görə, hazırda Finlandiya üçün birbaşa hərbi təhlükə mövcud deyil, lakin təhlükəsizlik vəziyyətinin sürətlə dəyişə biləcəyi ehtimalına hazır olmaq lazımdır.

“Hazırda Finlandiya üçün hərbi təhlükə yoxdur, lakin təhlükəsizlik şəraitinin tez dəyişə biləcəyinə hazır olmalıyıq”, deyə Kopra bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp apreldə NATO ölkələrinin Rusiyadan gələn təhlükə arqumenti ilə müdafiə xərclərini artırmasını “məntiqsiz” adlandırmış və bu xərclərin əlavə təhlil edilməli olduğunu bildirmişdi.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə fevral ayında açıqlamışdı ki, 2028-ci ilə qədər Avropanın müdafiə investisiyaları ABŞ-ın 2025-ci ildəki analoji xərclərini üstələyəcək. Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarından sonra müdafiə sahəsinə ayırdığı vəsaiti əhəmiyyətli dərəcədə artırıb.

Samir

0