Çin xarici investisiyalar üzərində nəzarəti gücləndirəcək

DÜNYA
18:38 / 02.06.2026
51

Çin hakimiyyəti 1 iyul tarixindən etibarən xarici investisiyaların tənzimlənməsinə dair yeni qaydalar tətbiq edəcək. 

HİT.az xəbər verir ki, “Sinxua” agentliyinin məlumatına görə, yeni qaydalar dövlət suverenliyinin, milli təhlükəsizliyin və inkişafın qorunmasına, eləcə də investorların hüquq və maraqlarının müdafiəsinə yönəlib.

Çin Dövlət Şurasının saytında dərc olunan sənəd 34 maddədən ibarətdir. Yeniliklər xarici investisiya prosesinin beynəlxalq standartlara uyğunlaşdırılmasını, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın inkişafını və istehsal-logistika zəncirlərində beynəlxalq əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Yeni qaydalara əsasən, Çin investorları xaricdə həyata keçirdikləri investisiyalar üçün razılaşdırma, qeydiyyat və hesabat prosedurlarından keçməli olacaqlar. Dövlət qurumları isə xarici yatırımların monitorinqini aparacaq və risk qiymətləndirməsi həyata keçirəcək.

Sənəddə həmçinin təşkilat və fiziki şəxslərə xəbərdarlıq edilir ki, Çin investisiyalarına qarşı ayrı-seçkilik xarakterli tədbirlər tətbiq ediləcəyi halda, onlara Çin şirkətləri ilə hər hansı biznes fəaliyyəti aparmaq qadağan oluna bilər.

Qaydaların pozulması sübuta yetirilərsə, qanun pozucularına qarşı sanksiyalar tətbiq olunacaq. Dövlət tərəfindən təsdiqlənməyən investisiyalara yönələn və ya icazələri rüşvət yolu ilə əldə edən investorlar cərimələnə və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Bundan əlavə, xarici investisiyaların milli təhlükəsizliyə təsirinin araşdırılması zamanı yoxlamalarla əməkdaşlıqdan imtina edən şəxslərə və şirkətlərə üç il müddətinə biznes fəaliyyəti ilə məşğul olmaq qadağan edilə bilər.

Samir

0