Florida "OpenAI"ın uşaqlara vurduğu zərəri məhkəmədə sübut etməyə çalışır

DÜNYA
17:37 / 02.06.2026
46

ABŞ-ın Florida ştatının hakimiyyəti "OpenAI" şirkəti və onun baş direktoru Sem Altmana qarşı məhkəmə iddiası qaldırıb. Ştat rəhbərliyi şirkəti "ChatGPT" xidmətinin, xüsusilə də azyaşlı istifadəçilər üçün yarada biləcəyi riskləri bildiyi halda, kifayət qədər təhlükəsizlik tədbirləri görməməkdə ittiham edir. 

HİT.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Florida bu tip iddia ilə "OpenAI"a qarşı məhkəməyə müraciət edən ilk ABŞ ştatı olub.

Ştatın baş prokuroru Ceyms Utmayer bildirib ki, "OpenAI" süni intellekt sahəsində liderlik uğrunda rəqabəti və gəliri uşaqların təhlükəsizliyindən üstün tutub. İddia Florida dairə məhkəməsinə təqdim edilib və burada şirkətə qarşı vicdansız biznes təcrübəsi, səhlənkarlıq və məhsul məsuliyyəti qanunvericiliyinin pozulması ilə bağlı ittihamlar yer alıb.

Bundan əlavə, Florida hakimiyyəti Sem Altmanın da ştat sakinlərinə vurulduğu iddia edilən zərərə görə şəxsi məsuliyyət daşımasını tələb edir.

Məhkəmə sənədində ChatGPT ilə bağlı müxtəlif iradlar sadalanıb. İddialara görə, xidmət azyaşlılarda asılılıq yarada, tənqidi düşünmə qabiliyyətini zəiflədə və kütləvi silahlı hücumlar kimi təhlükəli mövzuların müzakirəsində istifadə oluna bilər.

İddiada valideyn nəzarəti məsələsinə xüsusi diqqət yetirilir. Florida hakimiyyətinin fikrincə, ChatGPT-nin pulsuz versiyasında istifadəçilərin yaşını yoxlamaq üçün effektiv mexanizmlər yoxdur. Həmçinin uşaqlar üçün yaradılan hesabların valideyn hesablarına məcburi şəkildə bağlanmadığı bildirilir.

Sənəddə qeyd olunur ki, hətta belə əlaqələndirmə mövcud olduqda belə, valideynlər uşağın çat-bota ötürdüyü məlumatlara tam çıxış əldə edə bilmirlər.

"OpenAI" isə azyaşlı istifadəçilərin əlavə qorunmaya ehtiyac duyduğunu qəbul etsə də, artıq müxtəlif təhlükəsizlik mexanizmlərinin tətbiq olunduğunu vurğulayıb. Şirkətin açıqlamasına görə, gənc istifadəçilər üçün daha təhlükəsiz rejimlər, yaşın proqnozlaşdırılması alətləri və valideyn nəzarəti imkanları mövcuddur.

Ceyms Utmayer Florida ştatının təşəbbüsünə gələcəkdə digər ştatların da qoşula biləcəyinə əmin olduğunu bildirib.

Samir


 

0