Rusiyanın Ulyanovsk vilayətində polis əməkdaşları rüşvət verilməsində vasitəçilikdə şübhəli bilinən kriminal avtoriteti saxlayıblar.
Hit.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 59 yaşlı Ulyanovsk sakini mütəşəkkil cinayətkar qruplaşmanın yaradıcısı və lideri kimi tanınır və kriminal mühitdə nüfuz sahibi hesab olunur.
İstintaqın versiyasına əsasən, o, dələduzluq ittihamı ilə istintaq altında olan 25 yaşlı tanışına cinayət məsuliyyətindən yayınmaq üçün rüşvət verilməsi ilə bağlı kömək təklif edib. Məlumata görə, həmin xidmət üçün 1,1 milyon rubl tələb olunub.
Hüquq-mühafizə orqanları əməliyyat zamanı şübhəlinin saxlanılma anını əks etdirən video da yayıb. Kadrlarda xüsusi təyinatlı dəstənin xüsusi vasitə ilə evin qapısını sındıraraq içəri daxil olması, şübhəlinin isə evdə saxlanılması əks olunub.
Məlumata görə, məhkəmənin qərarı ilə o, həbs edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bundan əvvəl də Rusiyanın Çeçenistan Respublikasından olan, kriminal aləmdə “Omar Ufimsk” kimi tanınan O.M. FSB tərəfindən saxlanılmışdı.
Abbas


