“Ermənistanda seçkiqabağı gərginlik daha çox emosiyaların qızışdırılması kimi xaraterizə edilməlidir”.
Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi ekspert Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Ermənistanda siyasi qüvvələr 3 əsas istiqamətdə formalaşıb:
“Onlar, hakim partiya, Rusiya tərəfdarları və guya müstəqil olan ermənipərəst qüvvələrdir. Etiraf etmək lazımdır ki, hansı ölkə olur-olsun, seçki marafonunda həmişə hakim qüvvənin təbliğat resursları daha təsirli təbliğata imkan verir. Xaricdən kömək alanlar sadəcə ikinci səviyyədə təbliğat apara bilirlər.
Yerli qüvvələr isə sanki müstəqil fəaliyyət göstərir, ancaq həlledici anda özünə dividentlər qazanmaq üçün separatçılıq yolunu tutur. Məsələyə bu konteksdə yanaşsaq, görərik ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Vətəndaş Müqaviləsi partiyasının ikiqat təsir imkanı var: birincisi, hakim partiya olması, ikincisi Qərb ölkələrindən, başlıca olaraq ABŞ-dən güclü dəstək almasıdır”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, ABŞ dövlət katibi Marko Rubio seçkilərə az qalmış İrəvana rəsmi səfər edir və səlahiyyətli şəxslərlə bir sıra əhəmiyyətli sənədlər imzalayır:
“Qərbə meyilli olan erməni seçicilər üçün bundan güclü dəstək ola bilərmi? Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp elan edir ki, yaxın zamanlarda Ermənistan və Azərbaycan arasında sülhlə bağlı sanballı bir tədbir keçirəcək. Bu, həm Amerikanın adamının seçilməsinə inamın olmasını, həm də erməni seçiciyə bu inamı diktə edir. Bəs, Rusiya hansı təbliğata üstünlük verir? Açıq görünür ki, hərbə-zorba təbliğatına. Tez-tez erməniləri ərzaq qıtlığı, qaz şantajı, hətta Ukraynanın “taleyi” ilə hədələyir.
Kreml rəhbərliyi düşünə bilmir ki, Ermənistan məhsullarının Rusiyaya idxalını qadağan etsə, Türkiyə, İran, Gürcüstan və hətta Azərbaycan bazarları onları qəbul edəcək. Təbii ki, daha asan olacaq. Çünki bu ölkələri bir sərhəd ayırır və kifayət qədər nəqletmə imkanları mövcuddur. Qaz şantajı da avantüradan başqa bir şey deyil. Qonşu ölkələr böyük qaz ixracatçılarıdır”.
Ekspert hesab edir ki, Rusiya Ermənistanda Ukrayna ssenarisini təkrarlaya bilməz:
“Ən azından Kreml strategiyasının mahiyyət hamıya aydındır. Ermənistanda hakimiyyəti dəyişmək üçün Rusiya tərəfdən yerli terror qruplarına sifariş də gələ bilər. Lakin dərhal bu fakt önə çıxır ki, “cırtdan” Ermənistanda ABŞ-nin 2000 nəfərlik səfirlik missiyası hara baxır? Heç şübhəsiz Amerika kəşfiyyatı yatmayıb və mümkün zorakı üsulların qarşısını erməni polisi vasitəsi ilə almaq üçün ayaqdadır.
Daha bir mühüm amil lap seçki ərəfəsində hakim partiya əleyhinə olanların istehsal subyektlərində qanuna zidd proseslərin aşkarlanması və istintaqın başladılmasıdır. Ola bilər ki, lazım olduğu halda hansısa dairədə seçkilərin nəticəsi ləğv edilsin və ya hansısa namizəd seçkidən kənarlaşdırılsın”.
Novruz Novruzov qeyd edib ki, müxtəlif yerli və beynəlxalq analitik təşkilatların sorğularına görə Paşinyanın partiyası mütləq səs çoxluğu qazana bilməyəcək:
“Lakin unutmaq olmaz ki, ilk baxışda lazımsız görünən kiçik bir partiya vəzifə naminə qalib siyasi qüvvəyə “sədaqət” andı içməyi özünə şərəf bilir. Beləliklə, Nikol Paşinyanın qalib gəlmək imkanı böyükdür. Hadisələrin inkişafı göstərir ki, o, arxalandığı güclü qüvvələrin məsləhətinə qulaq asır və seçicinin qəlbinə girməyi bacarır. Qalib gələcəyi təqdirdə, onunla işləmək istəyənlərin sayının kifayət qədər olacağına da şübhə yoxdur.
Ermənistanın indiki hakimiyyəti seçkilərdə qalib gələcəyi təqdirdə isə revanşistlərin hansısa silahlı qisas əməliyyatına əl atma ehtimalları da mümkündür. Ancaq qalib komanda bunun qarşısını alacaq və bundan istifadə edərək Rusiyaya qarşı açıq mənəvi separatizmi gücləndirəcək. Hətta bu olmasa belə Rusiyada uzaqlaşmaq üçün Paşinyan kifayət qədər səbəb tapacaq”.
Elmir Mustafa



