Dinozavrların yox olması prosesi böyük asteroidin Yerə düşməsindən on minlərlə il əvvəl başlaya bilərdi.
HİT.az xəbər verir ki, bu qənaətə ABŞ-ın Con Hopkins Universitetinin alimləri qədim göbələk sporlarını çöküntü süxurlarında araşdırdıqdan sonra gəliblər. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences (PNAS)” jurnalında dərc olunub.
Uzun müddət dinozavrların kütləvi şəkildə məhv olmasının əsas səbəbi təxminən 66 milyon il əvvəl böyük asteroidin düşməsi hesab edilirdi. Lakin yeni məlumatlar göstərir ki, Yer ekosistemləri bu hadisədən xeyli əvvəl ciddi stress yaşamağa başlayıb.
Tədqiqatçılar ABŞ-ın Kolorado ştatındakı Denver hövzəsindən və Şimali Dakotanın bir neçə bölgəsindən götürülmüş süxur nümunələrini analiz ediblər. Onlar xüsusilə böyük miqdarda ölü üzvi material olduqda sürətlə çoxalan göbələk sporlarına diqqət yetiriblər. Geoloji laylarda bu sporların artması bitki və heyvanların kütləvi məhvinin göstəricisi sayılır.
Alimlər asteroidin düşməsindən dərhal sonra göbələk qalıqlarında bir kəskin artım gözləyirdilər. Lakin analiz üç ayrı artım dövrü aşkar edib. Birinci dövr kosmik hadisədən təxminən 30 min il əvvəl başlayıb və təxminən 20 min il davam edib. Tədqiqat müəlliflərinə görə, bu mərhələ müasir Hindistan ərazisində güclü vulkan püskürmələri ilə bağlı ola bilər.
Həmin dövrdə Dekkan tələləri adlanan vulkanik aktivlik atmosferə böyük miqdarda qaz, kül və lava buraxaraq iqlimə ciddi təsir göstərib. Alimlər hesab edirlər ki, bu proseslər ekosistemləri asteroid zərbəsindən əvvəl zəiflədə bilərdi.
İkinci artım kosmik cismin düşməsi və ondan sonra baş verən kütləvi məhvlə üst-üstə düşüb. Üçüncü pik isə hadisədən təxminən 10 min il sonra qeydə alınıb, lakin onun səbəbi hələlik məlum deyil.
Müəlliflər vurğulayırlar ki, asteroid dinozavrların yox olmasında əsas faktor olaraq qalır. Bununla belə, yeni nəticələr göstərir ki, qlobal ekoloji böhran daha əvvəl başlayıb və kosmik zərbə bir çox qədim növlərin yox olmasını tamamlayan son hadisə ola bilər.
Samir


