Orban “Oşçadbank”ın ukraynalı inkassatorlarının saxlanılmasına şəxsən rəhbərlik edib

DÜNYA
18:40 / 03.06.2026
42

Macarıstanın keçmiş baş naziri Viktor Orban Ukrayna dövlət bankı “Oşçadbank”ın inkassatorlarının saxlanılması əməliyyatına şəxsən göstəriş verib. 

HİT.az xəbər verir ki, bu barədə “Telex” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, qərar əməliyyatdan bir gün əvvəl Macarıstanın Suverenliyin Müdafiəsi İdarəsi tərəfindən hazırlanmış hesabat əsasında qəbul edilib. Həmin sənəddə saxlanılma üçün heç bir hüquqi əsasın olmadığı iddia edilir. Əməliyyat Orbanın baş nazir olduğu dövrdə, martın əvvəlində həyata keçirilib.

5 martda Macarıstanda Ukraynanın “Oşçadbank”ına məxsus iki avtomobil və yeddi əməkdaş saxlanılıb. Onlar Avstriyadan Ukraynaya 40 milyon dollar, 35 milyon avro və 9 kiloqram qızıl daşımaqda şübhəli bilinirdilər. Vəsaitlər müsadirə olunub. Macarıstan tərəfi Ukraynanı ölkənin “Tisa” müxalifət partiyasını maliyyələşdirməkdə ittiham edib.

Mənbələrin iddiasına görə, Orban bu əməliyyatı Rusiyadan Macarıstana və Slovakiyaya “Drujba” neft kəməri ilə neft tədarükünün dayandırılmasına cavab olaraq həyata keçirib. Sənədin birbaşa baş nazir aparatından gəldiyi bildirilir.

Ukrayna tərəfi tranzitin dayandırılmasını boru kəmərində yaranmış zədə ilə izah etmiş, Macarıstan isə bunu siyasi motivli gecikmə kimi qiymətləndirmişdi. Tranzit 22 apreldə bərpa olunub.

Saxlanılan ukraynalı inkassatorlar iki gün sonra azad edilib. Mayın əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski Macarıstanın “Oşçadbank”a məxsus pul və qızılı geri qaytardığını bildirib.

Samir
 

0