Rusiya milyarderlərinin biznes imperiyaları Putinin addımları səbəbindən dağılır - KİV

DÜNYA
14:54 / 04.06.2026
49

Rusiya milyarderləri dövlət tərəfindən artan təzyiqlə üzləşir: aktivlərin müsadirəsi biznes imperiyalarını zəiflədir və sərvətin daha loyal biznes qruplarının xeyrinə yenidən bölüşdürülməsinə səbəb olur. 

HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Məlumata görə, antikorrupsiya iddiaları indi aktivlərin dövlətə keçməsi prosesində əsas mexanizmlərdən birinə çevrilib. Nəticədə bir sıra iri sahibkarların biznes strukturları ciddi şəkildə zərər görür.

Nəşr Vyaçeslav Moşkovçukun nümunəsini gətirir. O, post-sovet “vəhşi kapitalizm” dövründə müxtəlif sahələrdə fəaliyyət göstərdikdən sonra əsas sərvətini “Rusagro” aqrar şirkəti vasitəsilə formalaşdırıb. Lakin son aylarda Moskva məhkəməsi onun ailə payının 49 faizinin müsadirəsinə qərar verib.

Prokurorların iddiasına görə, sahibkar 2006–2014-cü illərdə Rusiya parlamentinin yuxarı palatasında işləyərkən dövlət vəzifəsini biznes fəaliyyəti ilə birləşdirmə qadağasını pozub və səlahiyyətlərindən şəxsi gəlir üçün istifadə edib.

“Bloomberg” qeyd edir ki, bu cür işlər digər iri biznes nümayəndələri üçün də siqnal xarakteri daşıyır: ilk iyirmi ən varlı rusiyalıdan beşi ya dövlət strukturlarında işləyib, ya da hazırda da işləyir.

Məlumata görə, 2025-ci ildə Rusiya korrupsiya işləri çərçivəsində 1,1 trilyon rubl (təxminən 15,1 milyard dollar) dəyərində aktiv müsadirə edib. Bu rəqəm 2024-cü illə müqayisədə təxminən 8 dəfə çoxdur və dövlətin ümumi müsadirələrinin təxminən üçdə birini təşkil edir.

Bir çox hallarda hədəfə alınan sahibkarların əvvəllər regional parlamentlərdə seçkili vəzifələr tutduğu və bu səlahiyyətlərdən öz şirkətlərinin xeyrinə istifadə etdiyi iddia olunur.

"TriTrace Investigations" şirkətinin rəhbəri İliya Şumanov bildirib ki, antikorrupsiya iddiaları artıq təkcə korrupsiya ilə mübarizə aləti deyil, həm də aktivlərin dövlətə transferini sürətləndirən mexanizmə çevrilib.

Moşkovçukun aqrar aktivləri məhkəmə qərarından bir neçə gün sonra dövlət “Rosselxozbank”ına bağlı struktura verilib.

Məlumata görə, 2024-cü ildə Rusiya Konstitusiya Məhkəməsinin qərarından sonra bu cür müsadirələr daha da intensivləşib. Qərara əsasən, 10 illik iddia müddəti korrupsiyada şübhəli bilinən məmurların əmlakına şamil olunmur.

Ekspertlər bildirir ki, bu tendensiya keçmişdə dövlət vəzifələrində çalışmış varlı rus biznesmenləri üçün ciddi risk yaradır.

Eyni zamanda, bəzi iri sahibkarlar artıq aktivlərinin növbəti hədəf ola biləcəyindən ehtiyatlanır və lobbiçilik fəaliyyətini gücləndirirlər. Bununla belə, bir sıra aktivlərin satışında çətinliklər yaşanır və dövlət müsadirə etdiyi əmlakı satmaqda problemlərlə üzləşir.

Moskva hava limanı “Domodedovo”nun da bu il gözlənilən qiymətin təxminən yarısına satıldığı qeyd olunur.

Hazırda Rusiya biznes elitası gələcəkdə hansı aktivlərin növbəti müsadirə olunacağını narahatlıqla izləyir.

Samir

0