London polisinin kral ailəsinin mühafizəsinə cavabdeh bölməsində 21 əməkdaş xidmət zamanı yatdıqları və ya növbə ərzində postlarını tərk etdikləri üçün vəzifədən uzaqlaşdırılıb.
HİT.az xəbər verir ki, BBC və CNN-in Şotland-Yardın açıqlamasına istinadən verdiyi məlumata görə, London polisinin kral ailəsinin üzvlərinin, onların rezidensiyalarının və təhlükəsizliyinin qorunmasına cavabdeh bölməsində çalışan 21 əməkdaş vəzifədən kənarlaşdırılıb. Onlar növbə zamanı postda yatmaqda və ya xidməti vəzifələrini icra etmədən uzaqlaşmaqda ittiham olunublar.
Skandal barədə məlumat may ayının ortalarında yayılıb. O zaman “The Sun” tabloid nəşri təxminən 30 polis əməkdaşı barəsində araşdırma başladıldığını yazmışdı. Həmin şəxslərin kralın, kral ailəsinin üzvlərinin və onların iqamətgahlarının mühafizəsinə dair vəzifələrdə çalışdığı bildirilirdi.
Polis açıqlamasında 23 əməkdaşın xəbərdarlıq aldığı qeyd olunub. Onlardan 21-i vəzifədən uzaqlaşdırılıb, digər 2 əməkdaş isə araşdırma müddətində kral ailəsi və rezidensiyaların mühafizəsinə təyin olunmur.
Bukingem sarayının mətbuat xidməti isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Samir


