Uzaq adada onilliklərdir sirr olaraq qalan nadir tutuquşu aşkar edildi

DÜNYA
21:53 / 05.06.2026
49

İndoneziyanın ən sirli quş növlərindən biri hesab edilən mavi alınlı loriket Buru adasında təxminən bir əsrə yaxın davam edən qeyri-müəyyənlikdən sonra yenidən qeydə alınıb. 

HİT.az xəbər verir ki, bu barədə “The Independent” yazır.

Bu parlaq rəngli tutuquşu barədə uzun illər yalnız 2014-cü ildə çəkilmiş bir fotoşəkil və bir neçə muzey nümunəsi vasitəsilə məlumat mövcud idi. Növün tamamilə yoxa çıxdığı düşünülürdü. Lakin Buru adasının ən yüksək zirvəsində yaşıl tüklü bir quşun müşahidə edilməsi onun hələ də mövcud olduğunu təsdiqləyib.

Kiçik ölçülü bu quş yalnız Buru adasında yaşayan endemik növdür və dünyanın heç bir yerində rast gəlinmir. O, aprel ayında İndoneziyalı alpinistlərdən ibarət ekspedisiya zamanı aşkar edilib.

Ekspedisiya komandası son 12 ildə ilk dəfə loriketin fotoşəkillərini çəkməyə və onun ünsiyyət üçün istifadə etdiyi yüksək tezlikli səslərini qeydə almağa nail olub. Quşun parlaq yaşıl bədəni, narıncı dimdiyi, mavi ensəsi və sivri quyruğu onun əsas identifikasiya xüsusiyyətləri kimi göstərilir.

“Search for Lost Birds” proqramının rəhbəri Con Mittermeyer bildirib ki, bu növü tapmaq çox çətin missiya idi: “Son bir əsrdə yalnız bir dəfə sənədləşdirilmiş bir quşu axtarmaq demək olar ki, ümidsiz görünür".

Mavi alınlı loriket ilk dəfə 1920-ci illərdə toplanmış yeddi nümunə əsasında təsvir edilib. Sonrakı onilliklərdə aparılan çoxsaylı axtarışlara baxmayaraq, növ 2014-cü ildə qısa bir müşahidə istisna olmaqla qeydə alınmayıb.

Tədqiqatçılar uzun müddət onun yox olmadığını, sadəcə əlçatmaz yüksək dağlıq ərazilərdə yaşadığını ehtimal edirdilər. Nəhayət, yerli alpinistlərin açdığı marşrut sayəsində bu bölgəyə ekspedisiya təşkil etmək mümkün olub.

Mittermeyer bölgənin çətin relyefini belə təsvir edib: “Çox dik əhəngdaşı qayalıqları, uçurumlar, kəskin daşlar və suyun tamamilə olmaması".

Ekspedisiya zamanı ən azı doqquz fərd müşahidə edilib. Ekspedisiyada iştirak edən ornitoloq Ceyms İton isə şəraiti “yağışlar, sərt qayalıqlar, gur çaylar və cığırların olmaması” kimi təsvir edib. Onun sözlərinə görə, bu zirvəyə qalxmaq üçün ya çox güclü motivasiya, ya da bir az dəlilik lazımdır: “Bizim motivasiyamız məhz bu quş idi".

Bir həftəlik çətinliklərdən sonra əldə edilən uğur komanda üçün xüsusi an olub. İton bunu belə xatırlayır: "Müqəddəs qədəhimiz"i fotoqraflamağı bacardığımız anda bütün çətinliklər yox oldu… Bu hiss adrenalin sevənlərə tanışdır".

Hazırda mavi alınlı loriket Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Qırmızı Siyahısında “məlumat çatışmazlığı olan növ” kimi qiymətləndirilir. 2024-cü ildə isə “itirilmiş növlər” siyahısına daxil edilib.

Mütəxəssislər bildirirlər ki, növün populyasiyasını və mümkün təhlükələri müəyyən etmək üçün əlavə araşdırmalar lazımdır. Onların fikrincə, bu tapıntı onun qorunması üçün vacib ilk addımdır.

Ornitoloq Ceyms İton isə bu kəşfin təbiətin hələ də gizli möcüzələrlə dolu olduğunu göstərdiyini deyib: “Bu kiçik yaşıl quş insanların adaya gəlməsindən çox əvvəl burada yaşayırdı… Onların burada olmağa bizdən daha çox haqqı var".

Samir
 

0