Paşinyanın seçki qələbəsi: “Azərbaycanın sülh gündəliyinin uğurudur”

DÜNYA
10:58 / 08.06.2026
145

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri bəlli olub.

Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası yenidən qələbə qazanıb. Bu isə Ermənistanda gələcək siyasi proseslərlə bağlı bir sıra suallar doğurur. Hakim partiyanın növbəti dəfə etimad qazanmasından sonra ölkənin daxili və xarici siyasətində hansı dəyişikliklərin baş verəcəyi, hansı islahatların həyata keçiriləcəyi və hökumətin prioritetlərinin nədən ibarət olacağı maraq doğuran əsas məsələlərdəndir. Qarşıdakı dövrdə daxili məsələlərlə yanaşı, region ölkələri ilə münasibətlər istiqamətində hansı addımların atılacağı diqqət mərkəzində olacaq. 

Bəs Paşinyanın yeni qələbəsi Ermənistanda hansı yeniliklərə və siyasi dəyişikliklərə yol aça bilər?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMT)-nin rəhbəri Mətin Məmmədli Hit.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın partiyasının qələbə qazanacağı gözlənilən idi:


“Seçkilər ərəfəsində keçirilən rəy sorğularından da aydın görünürdü ki, hakimiyyət partiyasının qalib gəlmə ehtimalı kifayət qədər yüksəkdir və bu proqnoz özünü doğrultdu. Qələbədən sonra Paşinyanın həm Ermənistanın daxili, həm də xarici siyasəti ilə bağlı müəyyən addımlar atacağı gözlənilir. Əsas diqqət isə sülh prosesi çərçivəsində atılacaq addımlara yönəlib”.

Həmsöhbətimizin sözlərinə görə, ilk növbədə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar dəyişdirilməli, yeni Konstitusiyanın qəbulu istiqamətində konkret addımlar atılmalıdır:
“Bu məsələ iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına əsas maneə olaraq qalmaqdadır. Sülh prosesinin digər komponentləri də mövcuddur və Ermənistan tərəfindən bu istiqamətdə də addımlar gözlənilir. Keçmiş qondarma rejimin qalıqları ölkədə tam şəkildə aradan qaldırılmalı, eləcə də digər ölkələrdə fəaliyyət göstərən Ermənistan səfirliklərində həmin qondarma qurumun təmsilçiliyi tam ləğv olunmalıdır”.

M.Məmmədlinin diqqətə çatdırıb ki, Paşinyanın bu seçkidə qalib gəlməsi eyni zamanda Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin də müəyyən mənada qələbəsidir: 
“Seçki prosesi zamanı diqqət çəkən əsas məqamlardan biri Ermənistanın aparıcı siyasətçilərinin Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatlarına istinad etməsi və bu istiqamətdə müzakirələr aparması olub. 

Bu da Azərbaycanın regiondakı siyasi proseslərə təsir imkanlarının göstəricisi kimi dəyərləndirilir. Ümumiyyətlə, Azərbaycanın təqdim etdiyi sülh gündəliyinin Ermənistan cəmiyyətində də müəyyən dərəcədə müsbət qarşılanması seçki nəticələrinə təsir göstərib”.

Günel Cəlilova

0