Dronlar tanklar dövrünü demək olar ki, bitirib - KİV

DÜNYA
19:58 / 08.06.2026
48

Ucuz dronların sürətlə yayılması tanklar erasını sarsıdır və NATO Rusiyaya qarşı mümkün gələcək müharibə üçün yanaşmasını tələsik şəkildə yenidən nəzərdən keçirir. 

HİT.az xəbər verir ki, bu barədə “The Telegraph”ın reportajında bildirilir.

Finlandiyanın Rusiya sərhədinə yaxın şərq hissəsində keçirilən NATO-nun “North Star” genişmiqyaslı təlimləri müasir müharibənin necə dəyişdiyini nümayiş etdirib.

Manevrlər zamanı Leopard 2 tankları təkrar-təkrar tank əleyhinə bölmələrin, dronların və artilleriyanın simulyasiya edilmiş hücumları nəticəsində “məğlub edilib”, bu da hərbiçiləri zirehli texnikanın gələcəyi barədə düşünməyə vadar edib.

Təlimlərə Böyük Britaniya da daxil olmaqla NATO-nun yeddi ölkəsindən təxminən 5 min hərbçi qatılıb. Ssenariyə əsasən, tank kolonları Finlandiya meşələrində pusqulara düşür və mobil düşmən qrupları tərəfindən sürətlə aşkarlanıb “məhv edilir”.

Alyans komandirləri bildirirlər ki, əsas dəyişiklik faktoru Ukraynada davam edən müharibədir. Bu müharibə yeni texnologiyalar üçün böyük sınaq meydanına çevrilib.

Ukrayna hərbçilərinin qiymətləndirməsinə görə, Rusiya genişmiqyaslı işğalın başlanmasından bəri təxminən 12 min tank və 24 minə yaxın zirehli texnika itirib. Bu itkilərin böyük hissəsi dronlar, tank əleyhinə raketlər və minalar vasitəsilə baş verib.

NATO qeyd edir ki, hazırda Ukrayna cəbhəsindəki itkilərin 90 faizindən çoxu bir şəkildə pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlıdır. Finlandiyalı tank komandiri kapral Julius Arkkiyala təlim zamanı “şərti olaraq məhv edilən” heyətinin təcrübəsini belə izah edib: “Hər şey bir saniyədə dəyişə bilər”.

Hərbi rəhbərliklər dronların kütləvi istehsalını və süni intellektin döyüş sistemlərinə inteqrasiyasını prioritet kimi görürlər.

Təlimlər zamanı Britaniya ordusu “Ghost” və “Bolt” adlı yeni PUA-ları sınaqdan keçirib. “Ghost” hədəflərin aşkarlanması və artilleriya atəşinin düzəldilməsində istifadə olunur, “Bolt” isə birbaşa hücum qabiliyyətinə malikdir.

Britaniya hərbçiləri bildirirlər ki, bu sistemlərin daha sürətli şəkildə geniş miqyasda tətbiqi vacibdir və dronlar müasir döyüş meydanında “oyun qaydalarını dəyişən texnologiya”dır.

Eyni zamanda NATO təchizat, evakuasiya və kəşfiyyat üçün pilotsuz yerüstü maşınları da sınaqdan keçirir. Bu həllər artıq Ukrayna qüvvələri tərəfindən aktiv istifadə olunur.

Təlimlər Finlandiya sərhədi yaxınlığında Rusiyanın hərbi fəallığı ilə bağlı narahatlıqlar fonunda keçirilib. Finlandiya hərbi kəşfiyyat rəhbəri general-mayor Pekka Turunen bildirib ki, Moskva şimal istiqamətində hərbi mövcudluğunu artırır, köhnə bazaları bərpa edir və sərhədə yaxın ərazilərə bölmələr yerləşdirir.

Finlandiya tərəfinin qiymətləndirməsinə görə, Ukraynadakı müharibədən sonra Rusiya ordusunun əsas inkişaf istiqamətlərindən biri NATO-nun şimal cinahı ola bilər.

2023-cü ildə NATO-ya qoşulan Finlandiya Alyansın Rusiya ilə ən uzun quru sərhədinə malik ölkədir — 1300 kilometrdən çox.

Cəmi 24 minlik daimi ordusuna baxmayaraq, ölkə 900 minə yaxın ehtiyat qüvvəyə malikdir və 280 min nəfərə qədər sürətli səfərbərlik edə bilir.

Finlandiya komandirləri vurğulayırlar ki, müasir müdafiə artıq tank hücumlarına deyil, dronlar, çətin relyef və yüksək dəqiqlikli texnologiyalara əsaslanır.

Karel briqadasının komandir müavini polkovnik Ari Myattya Rusiyaya mümkün hücumla bağlı sualı belə cavablandırıb: “Bunu etməyin. Sizə baha başa gələcək. Biz hazırıq”.

Samir

0