Rusiyaya qarşı yalnız güc vasitəsilə sülh işləyəcək - NATO-nun keçmiş baş katibi

DÜNYA
13:55 / 08.06.2026
52

NATO-nun keçmiş baş katibi və Danimarkanın sabiq baş naziri Anders Foq Rasmussen hesab edir ki, Rusiya ilə danışıqlarda real nəticə əldə etmək üçün Avropa ölkələri əvvəlcə Ukraynanın mövqeyini gücləndirməlidir, çünki Kreml yalnız güc dili ilə hesablaşır.

HİT.az-ın xəbərinə görə, "The Economist" üçün yazdığı məqalədə Rasmussen bildirib ki, Moskva ilə danışıqlar üçün xüsusi nümayəndə təyin etməzdən əvvəl Avropa Rusiyanın üzərində real siyasi, iqtisadi və hərbi təzyiq yaratmalıdır.

Onun sözlərinə görə, “sülh təşəbbüsləri” yalnız güclü təsir rıçaqları olduqda effektiv ola bilər.

Rasmussen Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə mümkün birbaşa görüş çağırışlarını və Avropada xüsusi danışıqlar nümayəndəsi ideyasını da şərh edib. Onun fikrincə, belə bir addım əvvəlcədən güc balansı dəyişmədən mənasızdır.

“Onlar yalnız gücə hörmət edirlər”, – deyə Rasmussen vurğulayıb.

Keçmiş NATO rəhbəri Avropanın üç əsas addıma fokuslanmalı olduğunu bildirib:

* Birincisi, Rusiya hərbi iqtisadiyyatına təzyiqin artırılması

Rasmussen Ukraynanın uzaqmənzilli zərbələrinin dəstəklənməsini və Rusiyanın raket istehsalına lazım olan komponentlərin tədarük zəncirinin kəsilməsini vacib sayır. Xüsusilə üçüncü ölkələr vasitəsilə Rusiyaya keçən mikroelektronika və kimyəvi komponentlərə nəzarətin gücləndirilməsini təklif edir. O, həmçinin Rusiyanın neft ixracını təmin edən “kölgə donanması”na qarşı mübarizəni önə çəkir.

* İkincisi, Ukraynanın kritik infrastrukturunun sürətli bərpası

Onun fikrincə, Rusiyanın enerji sisteminə hücumları davam etdiyi üçün qarşıdan gələn qış Ukrayna üçün çətin olacaq. Rasmussen Avropa İttifaqına köhnə elektrik stansiyalarından çıxarılan avadanlıqların Ukraynaya göndərilməsi ilə enerji istehsalının bərpasını sürətləndirməyi təklif edir.

* Üçüncüsü, Avropa İttifaqına üzvlük perspektivi

Rasmussen hesab edir ki, Ukraynanın Aİ-yə inteqrasiyası Kremlin təsirini zəiflədən ən güclü siqnal olacaq. Onun fikrincə, bu proses Moskvanın veto imkanından kənardır və uzunmüddətli təhlükəsizlik zəmanəti yaradır.

Avropa liderliyi və siyasi iradə

Rasmussen qeyd edib ki, son illərdə Ukraynaya dəstəkdə Avropa ölkələrinin rolu artıb və Almaniya, Fransa və Böyük Britaniyanın təşəbbüsləri bu prosesdə mühüm rol oynayır.

Onun fikrincə, yalnız bu addımlar həyata keçirildikdən sonra Rusiya ilə ədalətli və davamlı sülh üçün real danışıqlar mümkündür. Əks halda, heç bir vasitəçi və ya xüsusi nümayəndə Kreml üzərində təsir gücünə malik olmayacaq.

Samir


 

0