ABŞ prezidenti Donald Trampın administrasiyası dünyanın ən nüfuzlu iqlim və okean məlumat mənbələrindən biri olan Okean Rəsədxanaları Təşəbbüsünü (“Ocean Observatories Initiative”, OOI) hədəfə alıb.
HİT.az “Live Science” nəşrinə istinadən xəbər verir ki, bu ay ərzində OOI şəbəkəsinə aid 900-dən çox dərinlik sensorunun sökülməsi üçün gəmilər göndəriləcək. Bu sistem son on ildə Atlantik və Sakit okeanların müxtəlif qatlarında fiziki, kimyəvi, geoloji və bioloji şərait barədə mühüm məlumatlar toplayıb.
Xüsusilə OOI təsdiqləyib ki, ABŞ Milli Elm Fondu (“National Science Foundation”, NSF) layihə çərçivəsində işlərin “miqyasının azaldılması” prosesinə başlayıb. Bu isə OOI-nin beş massivindən dördündə bütün sualtı infrastrukturun çıxarılmasını nəzərdə tutur.
“Bu plan İrminqer dənizi, Papa, Endurance və Pioneer stansiyalarındakı bütün sualtı infrastrukturun, gəmi cədvəlləri və digər əməliyyat məhdudiyyətləri nəzərə alınmaqla, mərhələli şəkildə sökülməsini əhatə edir”, deyə OOI-nin açıqlamasında bildirilir.
Söhbət Sakit okeanda və ABŞ-nin Atlantik sahilləri, Qrenlandiya və İslandiya yaxınlığındakı sularda yerləşdirilmiş cihazlardan gedir. İlkin planlara görə, bu təşəbbüs 25 il davam etməli idi.
Bununla belə, NSF nümayəndəsi bildirib ki, məqsəd OOI-ni tam dayandırmaq deyil, daha çox “elmi prioritetlərə uyğun çevik yanaşmaya keçmək və yeni texnologiyalara üstünlük verməkdir”.
“NSF okeanoqrafiya sahəsinə sadiq qalmaqda davam edir və elmi icma ilə birlikdə ən prioritet tədqiqat istiqamətləri üzərində işləyəcək”, deyə qurumdan bildirilib.
Sökülməsi planlaşdırılan şəbəkələr arasında ABŞ-ın Oreqon və Vaşinqton ştatlarının sahillərində yerləşən Coastal Endurance Array da var. Bu sistemin məlumatları dünya üzrə illik balıq ovunun təxminən dörddə birinin formalaşdığı okean bölgəsini öyrənən alimlər üçün həyati əhəmiyyət daşıyır.
Eyni zamanda İrminqer dənizindəki stansiya Atlantik meridional dövranı (AMOC) ilə bağlı mühüm məlumatlar toplayır. Bəzi alimlərin fikrincə, bu sistem zəifləyir və onun mümkün çöküşü hava şəraitində ciddi və dağıdıcı nəticələr yarada bilər.
Alimlərin fikrincə, daimi okean müşahidələri risklərin real vaxtda aşkarlanmasının yeganə yoludur. İngiltərədəki Plimut Dəniz Laboratoriyasının bioloji okeanoqrafı Helen Findlay bildirib ki, bu sistem olmadan okeanın vəziyyətini izləmək xeyli çətinləşər.
Jorcetaun Universitetinin dəniz bioloqu Rebekka Helm isə qeyd edib ki, okean ekspedisiyaları baha başa gəlir və qısa müddətlidir, sensorlar isə fasiləsiz məlumat axını təmin edir.
“Bu müşahidə sistemləri okeanda bizim gözümüz və qulağımızdır. Onlar başqa heç bir üsulla əldə edilməsi çətin olan qiymətli məlumatlar verir”, deyə o bildirib.
Samir


