Milyarder cütlüyün şəxsi ada arzusu qalmaqala səbəb oldu

DÜNYA
18:38 / 08.06.2026
48

İnsan varlı olduqda sanki bütün dünyanın onun ayaqları altında olduğunu düşünür. Belə insanlar istədiklərini hesabsız şəkildə ala bilir, getmək istədikləri yerlərə gedib istirahət edə bilirlər. Ən bahalı avtomobillər, ən böyük yaxtalar və ən yeni xüsusi təyyarələr onlar üçün əlçatandır. Darıxdıqda isə bunları satıb yenisini ala bilirlər. Hətta istəsələr özlərinə şəxsi ada da ala bilərlər.

Lakin belə seçimlər bəzən gözlənilməz problemlərlə də nəticələnə bilər. Məhz ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşnerin başına gəldiyi kimi.

HİT.az xəbər verir ki, Donald Trampın keçmiş həyat yoldaşı İvanadan olan 44 yaşlı İvanka Tramp və 45 yaşlı Cared Kuşner bir neçə il əvvəl Adriatik dənizində, Albaniyaya məxsus Sazan adasını kəşf ediblər. Sazan adası soyuq müharibə dövründə hərbi baza kimi istifadə olunub.

Cütlük adanı bəyənərək satın almaq və burada lüks turizm kompleksi inşa etdirmək qərarına gəlib. Milyardlarla dollarlıq sərvətləri olduğu üçün bu plan onlar üçün tədricən reallığa çevrilib.

2024-cü ildə Albaniya hökuməti Kuşner və Trampın təxminən 1,4 milyard dollarlıq layihəsinə ilkin razılıq verib. Razılaşmada “hökumət zəruri hesab edərsə, icazəni geri götürə bilər” maddəsi də yer alıb. Bu layihə həm yerli əhali, həm də ekoloji fəallar arasında narazılıq yaradıb.

İvanka Tramp podkast çıxışında adanı necə kəşf etdiklərini danışıb. Onun sözlərinə görə, bir neçə il əvvəl əri və dostları ilə tətil zamanı qayıqla ərazidən keçərkən adanı görüblər. Daha sonra üzərək sahilə çıxıb, ərazini gəziblər və oradan ilham alıblar. “Tamamilə valeh olduq”, deyə o bildirib.

İvanka Tramp layihənin ekoloji cəhətdən zərərsiz olacağını və otel otaqları, villalar kimi lüks, lakin təbiətə uyğun tikililər planlaşdırıldığını qeyd edib. Lakin ekoloqlar bununla razılaşmır. Yerli fəallar adada yaşayan flaminqoların maketləri ilə etiraz aksiyası keçirərək layihənin təbiətə zərər verəcəyini bildiriblər.

Onlar sahil xəttinin varlı investorlar tərəfindən ələ keçirilməsindən narahat olduqlarını vurğulayıblar və layihəyə qarşı çıxıblar. Etirazçılar İvanka Tramp və Cared Kuşneri ABŞ-dəki sosial problemləri xatırladaraq tənqid edib, bəzi nümayişçilər isə “Florida ştatındakı malikanənizə geri dönün” deyə səsləniblər. Albaniyanın baş naziri Edi Rama isə ölkənin böyük investisiyalardan qorxmamalı olduğunu deyərək layihəni dəstəkləyib.

Nəticədə, kiminsə yaşamadığı Sazan adası bir çoxları üçün böyük və gəlirli investisiya kimi görünsə də, digərləri üçün ciddi ekoloji təhlükə mənbəyinə çevrilib.

Samir

0