Yunanıstanda yeni tapıntı Spartanın qədim mifini təkzib etdi

DÜNYA
18:20 / 09.06.2026
39

Qədim Yunanıstanın Sparta şəhər-dövləti uzun müddət “döyüşçü cəmiyyəti” kimi tanınıb və müasir mədəniyyətdə “spartan ruhu” anlayışının formalaşmasına səbəb olub. Lakin Yunanıstanda aşkar edilən yeni arxeoloji tapıntılar bu barədə mövcud tarixi təsəvvürləri dəyişə bilər. 

HİT.az xəbər verir ki, bbarədə "Fox News" məlumat yayıb.

Ənənəvi baxışa görə, Sparta eramızdan əvvəl IX əsrdə yaranıb və qısa müddətdə güclənərək eramızdan əvvəl 700–371-ci illər arasında Peloponnes yarımadasının böyük hissəsinə nəzarət edib. Uzun müddət Sparta yalnız hərbi işlərə əsaslanan, fəth nəticəsində formalaşmış cəmiyyət kimi təqdim olunub. Lakin yeni tədqiqatlar bu modelin daha mürəkkəb olduğunu göstərir.

Yeni tapıntılar Agios Vasilios arxeoloji kompleksində aşkar edilib. Burada alimlər saray qalıqları, freskalar, tunc silahlar və xətti B yazısı ilə yazılmış inzibati lövhələr tapıblar. Xətti B qədim yunan yazısının ən erkən formalarından biri hesab olunur.

Bu tapıntılar tədqiqatçı Qans Bekə belə bir nəticəyə gəlməyə əsas verib ki, Sparta “sıfırdan” yaradılmış hərbi dövlət deyil, daha qədim yerli mədəniyyətin üzərində formalaşıb.

Bu hipotezə əlavə dəstək kimi Amyklai ziyarətgahı göstərilir. Bu məkan saray kompleksinin tənəzzülündən sonra da fəaliyyətini davam etdirib və həm spartalılar, həm də yerli icmalar üçün əhəmiyyətini qoruyub. Buradakı dini fəaliyyətin fasiləsizliyi Sparta formalaşarkən əvvəlki ənənələrin qorunduğunu göstərir.

Tədqiqatçı vurğulayır ki, Sparta sonrakı dövrlərdə güclü hərbi dövlət kimi tanınsa da, onun başlanğıcı daha mürəkkəb tarixi proseslərə dayanır. Yeni məlumatlar Spartanın hərbi gücünü inkar etmir, lakin onun mənşəyi ilə bağlı ənənəvi baxışı dəyişir.

Samir

0