“Ermənistanda keçirilən parlament seçkilərində “Vətəndaş müqaviləsi” partiyasının qələbəsi Nikol Paşinyanın erməni cəmiyyətinin müəyyən hissəsini sülhə inandıra bildiyini göstərir”.
Bu sözləri “Cebhe.info” Xəbər Portalının baş redaktoru, siyasi şərhçi Rəfail Becanov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Paşinyan seçkidə “Sülhə sahib çıx” şüarı ilə iştirak edirdi:
“Kampaniyanın əsas konsepti də “real Ermənistan” idi. Paşinyan bu ideoloji tezislər əsasında qələbə qazandı. Lakin onun indiki qələbəsi mütləq qələbə deyil. Hökuməti təkbaşına formalaşdırsa da, konstitusion çoxluğu əldə edə bilmədi. Mühüm qərarlar üçün parlamentdə 2/3 səs çoxluğuna malik olmalıdır”.
Lakin ekspert diqqətə çatdırıb ki, Ermənistanda Konstitusiya dəyişikliyi və bunun referendum vasitəsilə təsdiqlənməsi ehtimalı hələ də gündəmdədir:
“Xüsusən biz buna çox ümid edirik. Lakin prosesin rahat olacağı, sürətlə həyata keçiriləcəyinu düşünmək bir az çətindir. Bu məsələ ancaq siyasi iradə və ya istəklə deyil, konkret institusional dəstəklə həyata keçirilməlidir.
Ümid edək ki, Paşinyna müharibə tərəfdarı olan olan və parlamentə düşən, regionda sülhü deyil, müharibəni özü üçün prioritet qəbul edən rəqiblərindən müəyyən şəxsləri öz tərəfinə çəkərək, bunu reallaşdıracaq”.
Rəfail Becanovun sözlərinə görə, Nikol Paşinyan bunu bacarmasa, Ermənistan qanunlarına görə başqa varinatlardan istifadə edərək, məsələni gündəmə gətirə bilər:
“Ancaq bunu edəcəkmi? Əsas sual məhz budur. Paşinyan seçkiyə qədər sülh müqaviləsinin 2027-ci ilə qədər imzalanmasından danışırdı, indi isə 2031-ci il deyir. Bu, müəmmalıdır. Paşinyan parlamentdə mütləq səs çoxluğuna malik olmadığını bəhanə edərək, konstitusiya dəyişikliyindən imtina edə bilər. Bu da dolayısı ilə sülhdən imtinadır. Çünki Azərbaycanın konkret tələbi konstitusiya dəyişikliyindən sonra sülh müqaviləsinin imzalanmasıdır”.
Baş redaktor onu da vurğulayıb ki, həm Paşinyan, həm də Ermənistan üçün real çıxış yolu konstitusiya dəyişikliyi və bundan sonra sülh sazişinin imzalanmasıdır:
“Nəzərə almaq lazımdır ki, regionun gələcək taleyi, sabitliyin davamlılığı bundan asılıdır. Eyni zamanda, Ermənistanın iqtisadi vəziyyəti də bunu diqtə edir. Təbii ki, ümumi mənada pessimsit olmağa dəymir. Çünki Ermənistan real vəziyyəti bilir”.
Elmir Mustafa



