“Son dövrlərdə ABŞ ilə İran arasında diplomatik münasibətlər inkişaf edir və mütəmadi danışıqlar aparılır”.
Bu sözləri politoloq Qulamhüseyn Əlibəyli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, tərəflər arasında vasitəçilərin razılığı ilə bu və ya digər məsələlərin müzakirəsi gedir:
“Yəni diplomatik fəallıq və təmasların intensivləşməsi müşahidə olunur. Bu danışıqların da əsas məqsədi Hörmüz boğazı, atəşkəs rejiminin saxlanılması, Yaxın Şərq regionunda təhlükəsizlik, iqtisadi məhdudiyyətlər və ən əsası İranın nüvə proqramından imtina məsələləridir. Hər iki tərəfdən səslənilən fikirlər onların müəyyən məsələlər barədə mövqelərinin yaxınlaşdığını göstərir”.
Lakin ekspert hesab edir ki, yaxın zamanlarda ABŞ ilə İran arasında sülh müqaviləsinin imzalanacağını gözləmək bir az çətindir:
“Çünki əsas məsələ İranın nüvə fəaliyyəti ilə bağlıdır. Hansı ki, bu məsələ barədə tərəflərin fikirləri çox kəskin olaraq bir-birindən fərqlənir. ABŞ İranın nüvə fəaliyyətini tam şəkildə dondurmasını istəyir. Ancaq rəsmi Tehran ən azından dinc məqsədlərlə nüvə enerjisindən istifadə etmək istiqamətində fəaliyyət göstərməyə çalışır. Nəticədə, bu məsələdə razılıq əldə oluna bilmir”.
Politoloq qeyd edib ki, Vaşinqtonla Tehran arasında zənginləşdirilmiş uranın taleyi, beynəlxalq nəzarət mexanizmləri və sanksiyaların ləğv olunması kimi məsələlərdə fikir ayrılıqları qalır:
“Bu səbəbdən də yaxın zamanda yekun razılığın əldə olunması qeyri-mümkün görünür. Bununla belə, vasitəçilərin iştirakı ilə danışıqların getməsi özü müsbət haldır.
Hesab edirəm ki, yaxın zamanlarda olmasa da, müəyyən müddət sonra tərəflər arasında ümumi razılığın əldə olunması ehtimalı artıb. Ancaq bunun yaxın perspektivdə olması inandırıcı deyil. Çox güman ki, məsələlər müzakirə olunacaq və mərhələ-mərhələ razılığa gəlinəcək”.
Qulamhüseyn Əlibəyli hansı məsələlər üzrə razılıq oluna biləcəyindən də söz açıb:
“Məsələn, ilkin olaraq Hörmüz boğazının gəmiçilik üçün açılması ilə bağlı təhlükəsizlik məsələləri ilə razılığa gəlmək olar. Daha sonra İrana qarşı iqtisadi sanksiyaların yumşaldılması və ya aradan qaldırılması ilə bağlı müəyyən razılıqlar əldə oluna bilər.
Məncə, “məhdud nüvə razılaşması” barədə də anlaşmaq mümkündür. Yəni İranın nüvə potensialı saxlanılır, amma bu potensial beynəlxalq təşkilatların ciddi nəzarəti altında və yalnız dinc məqsədlər üçün istifadə olunur”.
Elmir Mustafa



