Bolqarıstanın yeni hökuməti Ukraynaya silah tədarükünü dayandıracaq

DÜNYA
15:46 / 09.06.2026
43

Bolqarıstanın yeni hökuməti Ukraynaya silah tədarükünü dayandırmaq niyyətindədir.

HİT.az xəbər verir ki, “Bloomberg” nəşrinin yazdığına görə, bu mövqe Avropa İttifaqının Rusiyaya təzyiq göstərərək müharibəni dayandırmaq cəhdləri ilə ziddiyyət təşkil edir.

“Ukraynaya daha çox silah yox, daha çox insan lazımdır”, deyə Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov bildirib və münaqişədə hər iki tərəfin iştirakı ilə müəyyən ediləcək “ədalətli sülh”ə çağırış edib.

Nəşr qeyd edib ki, bu bəyanat yeni baş nazir Rumen Radevin mövqeyi ilə səsləşir. O, müharibənin döyüş meydanında bitməyəcəyini bildirib və Bolqarıstanın Avropanın ortaq qərarlarının qəbulunda rolunun artırılacağını vəd edib.

Bolqarıstan Avropa İttifaqında Sovet dövründən qalma döyüş sursatlarının ən böyük istehsalçılarından biridir və bu məhsullar müharibənin əvvəlində Ukrayna üçün mühüm əhəmiyyət daşıyıb. Hökumət həmin dövrdə birbaşa hərbi yardımdan imtina etsə də, Bolqarıstan istehsalı olan mərmilər digər Aİ ölkələrinə ixrac vasitəsilə Ukraynaya çatdırılıb.

Nəşr xatırladıb ki, 2022-ci ildən bəri Bolqarıstan Ukrayna Silahlı Qüvvələrinə 13 hərbi yardım paketi göndərib, lakin onların dəyəri və məzmunu gizli saxlanılıb.

Jurnalistlər həmçinin qeyd ediblər ki, keçmişdə Hərbi Hava Qüvvələrinin komandanı olmuş və yanvar ayına qədər prezident vəzifəsini icra etmiş Rumen Radev dəfələrlə Avropa İttifaqının Ukraynaya hərbi dəstəyinə qarşı çıxıb. O, Rusiyaya qarşı sanksiyaların Avropa iqtisadiyyatına zərər vurduğunu əsas gətirərək onların ləğvini də təklif edib.

Samir
 

0