ABŞ DÇ-2026 ərəfəsində Ebola səbəbilə Avropaya giriş qaydalarını sərtləşdirməyə çağırdı

DÜNYA
16:40 / 10.06.2026
58

ABŞ administrasiyası hesab edir ki, beynəlxalq səfərlər 2026-cı ildə futbol üzrə dünya çempionatı dövründə Ebola virusunun yayılmasını sürətləndirə bilər. Bu səbəbdən Vaşinqton Avropa ölkələrindən yoluxucu xəstəliklərin qarşısının alınması üzrə qaydaları sərtləşdirməyi tələb edir. 

HİT.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən yazır.

Yüksək vəzifəli bir məmurun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyasında olan bəzi rəsmilər Avropanın tətbiq etdiyi səyahət məhdudiyyətlərini kifayət qədər sərt hesab etmir. Vaşinqton Avropa ölkələrinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ebola ilə mübarizə strategiyasından imtina edərək ABŞ tərəfindən təklif olunan daha sərt qaydalara keçməsini istəyir.

Keçən həftə ABŞ Dövlət Departamenti Avropa ölkələrinə Mərkəzi Afrikadan səyahətlərin məhdudlaşdırılması ilə bağlı “təcili müraciət” göndərib. Adı açıqlanmayan rəsminin sözlərinə görə, ABŞ mövqeyini üç əsas arqumentlə əsaslandırır:

* ÜST Ebola ilə bağlı yayılmanı vaxtında xəbər verməyib və ölkələri sərhədləri bağlamağa çağırmayaraq “yanlış istiqamətləndirib”
* Avropa İttifaqı ÜST tövsiyələrinə əməl edir və hava limanlarında yoxlamaları sərtləşdirməkdən və riskli bölgələrdən gələnlər üçün məhdudiyyətlər tətbiq etməkdən imtina edir
* Avropa İttifaqı Kanada və Meksikanın təcrübəsini izləyərək ABŞ-a bənzər giriş məhdudiyyətləri tətbiq etməlidir

“Axios” yazır ki, ABŞ artıq Afrika ölkələrindən gələn və Avropadan tranzit keçən sərnişinləri izləyir və bəzən onların ABŞ-a girişini qadağan edir. Lakin ÜST və Avropa qurumları hesab edir ki, sərhədlərin bağlanmasından daha effektiv üsul skrininq, testlər və kontaktların izlənməsidir.

Ebola epidemiyasının Konqo və Uqandada yayılması barədə may ayının əvvəlində məlumat verilmişdi. Konqo rəsmiləri yoluxmanın Bundibugyo ştammı ilə bağlı olduğunu, bu ştamm üçün isə hələlik peyvənd və dərman olmadığını bildirmişdi. ÜST bu vəziyyəti beynəlxalq əhəmiyyətli fövqəladə hal elan edib və peyvənd hazırlanmasının 6–9 ay çəkə biləcəyini açıqlayıb. ABŞ isə Mərkəzi Afrikadakı bu yayılmanın 2014-cü ildəki rekord epidemiyanı keçə biləcəyini düşünür.

Samir

0