Avropa Xarici Münasibətlər Şurasının (ECFR) keçirdiyi sorğuya əsasən, avropalıların yalnız 11 faizi ABŞ-ı müttəfiq hesab edir.
HİT.az xəbər verir ki, sorğu 15 Avropa ölkəsində aparılıb. Müqayisə üçün qeyd edək ki, altı ay əvvəl bu göstərici 16 faiz, 2024-cü ilin sonunda isə 22 faiz olub. Respondentlərin 25 faizi isə ABŞ-ı ya rəqib, ya da qarşı tərəf kimi qiymətləndirir.
Sorğuya görə, Avropa əhalisinin böyük hissəsi ABŞ-ın mümkün hücum halında yardım etməyəcəyini düşünür. “ABŞ ölkənizə hücum olacağı təqdirdə müdafiəyə gələcəkmi?” sualına “tam əminəm” və ya “kifayət qədər əminəm” cavabını verənlərin payı İspaniyada 12 faiz, Polşada isə 37 faiz arasında dəyişir.
Avropa ölkələrinin bir-birinə dəstəyi ilə bağlı isə respondentlərin əksəriyyəti hesab edir ki, böhran zamanı “ən azı bəzi Avropa ölkələri” yardım göstərəcək. Yeganə istisna Bolqarıstandır: burada qonşu ölkələrin dəstəyinə inananların payı 43 faizdir.
ECFR analitiklərinin qeyd etdiyi kimi, respondentlərin böyük hissəsi ABŞ-ı Yaxın Şərqdəki müharibə nəticəsində yaranmış enerji və yanacaq problemlərinə görə məsuliyyətli hesab edir. Eyni zamanda, avropalılar təhlükəsizlik sahəsində daha böyük muxtariyyətə və enerji suverenliyini təmin edəcək yeni mexanizmlərin yaradılmasına ehtiyac olduğunu vurğulayırlar.
Samir


