Almaniyanın “Mercedes-Benz” avtomobil istehsalçısı Münhendə yerləşən “Tytan Technologies” startapı ilə əməkdaşlıq qurmağı planlaşdırır.
HİT.az “Der Spiegel”ə istinadən xəbər verir ki, şirkət Ukraynaya digər məhsullarla yanaşı dron-məhvedicilər də tədarük edir. Tərəflərin strateji tərəfdaşlıq haqqında memorandumun 10 iyunda, Berlində keçiriləcək Beynəlxalq Aerokosmik Sərgi çərçivəsində imzalanması planlaşdırılır.
“Mercedes-Benz” və “Tytan Technologies” “Drone Defender” adlı hava hücumundan müdafiə sistemi hazırlamağı planlaşdırır. Sistemin əsas məqsədi Almaniyada kritik infrastrukturun qorunması olacaq. Buraya son illərdə vaxtaşırı dronların göründüyü hava limanları da daxildir. “Der Spiegel”in məlumatına görə, bu sistem döyüş zonalarında da istifadə oluna bilər.
Layihədə “G-Class” avtomobilləri mərkəzi rol oynayacaq: bu maşınlar “Tytan” tərəfindən hazırlanmış dron-məhvedicilərin buraxılış platforması kimi istifadə ediləcək. “Sprinter” furqonlarının isə komanda mərkəzi funksiyasını yerinə yetirməsi nəzərdə tutulur.
Bununla yanaşı, “Financial Times” yazır ki, Fransa avtomobil nəhəngi “Renault” hərbi layihələrdə iştirakını azaltmağı planlaşdırır. Yanvar ayında şirkət Ukrayna üçün dron istehsalı məqsədilə “Turgis Gaillard” ilə müqavilə bağlamışdı. Planlara görə, istehsal “Renault”, “Dacia” və “Alpine” modelləri üçün hissələrin də hazırlandığı Le-Man zavodunda həyata keçirilməli idi.
Samir


