Macarıstanın yeni hökuməti Ukraynaya silah göndərməyəcək. Bu barədə Macarıstanın xarici işlər naziri Anitta Orban Almaniyanın xarici işlər naziri Vadeful ilə keçirilən danışıqlardan sonra mətbuat konfransında bildirib.
HİT.az xəbər verir ki, məlumatı “TASS” agentliyi yayıb.
“Macarıstan istənilən digər ölkənin Avropa İttifaqına ləyaqət əsaslı üzvlüyünü dəstəkləyir. Silah tədarükünə gəldikdə isə mövqeyimiz tam aydındır. Biz bunu seçki kampaniyası zamanı da ifadə etmişdik. Ukraynaya silah daşınmasını dəstəkləmirik”, deyə Macarıstan XİN başçısı bildirib.
Anitta Orban həmçinin qeyd edib ki, 3 iyun tarixində Ukrayna və Macarıstan diplomatları arasında görüş keçirilib. Danışıqlar zamanı tərəflər Zakarpatiyada yaşayan macar milli azlığının hüquqlarının bərpası məsələsində razılığa gəliblər. Nazirin sözlərinə görə, bu razılaşma Macarıstan hökumətinə Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarının başlanmasına qarşı iradlarını geri çəkməyə imkan verib.
Daha əvvəl Macarıstanın baş naziri Peter Madyar bəyan edib ki, Budapeşt Ukraynanın Avropa İttifaqına daxil olması prosesində ikili standartlara yol verilməsinə icazə verməyəcək. Onun sözlərinə görə, Macarıstan respublikanın üzvlüyünə qarşı deyil, lakin Zakarpatiyada macar azlığının hüquqlarının bərpası ilə bağlı razılaşmaların yerinə yetirilməsinə nəzarət edəcək.
Samir


