Bərpa olunan enerji sektorunun sürətlə inkişafı ilə birlikdə gözlənilməz ekoloji problemlər də ortaya çıxır. Böyük Britaniyada günəş elektrik stansiyasının tikintisi zamanı mühəndislər panellərin yarasalara müxtəlif yollarla mənfi təsir etdiyini aşkar ediblər.
HİT.az xəbər verir ki, bu barədə "Ecoportal" yazır.
Araşdırmalara görə, yarasalar tez-tez külək elektrik stansiyalarını gecələmə yerləri kimi qəbul edir, həmçinin turbinlərin ətrafına cəlb olunurlar. Bunun səbəbi isə həşəratların adətən böyük külək qurğularının ətrafında toplanmasıdır.
Qeyd edilir ki, indi yarasalar üçün yeni problem günəş panelləri ilə bağlıdır.
Bəzi tədqiqatlar göstərir ki, günəş batareyaları müəyyən heyvan növləri üçün faydalı mühit yarada bilər, hətta bəzi nəsli kəsilməkdə olan növləri panellərin ətrafına cəlb edə bilir.
Bu paradoks “Biological Conservation” jurnalında dərc olunan yeni araşdırmada daha geniş izah edilir. Tədqiqat yarasaların günəş panelləri yaxınlığında davranışında yaranan dəyişiklikləri təsvir edir.
Araşdırma göstərir ki, Böyük Britaniyada yarasalar günəş panellərini su səthi kimi qəbul edə bilirlər. Tədqiqatda qeyd olunur:
“Biz öyrəndik ki, səhralarda günəş panelləri bəzi növlər üçün ‘çiçəklənən vahələr’ yaradır, lakin Atlantik okeanının o tayında baş verən bu hadisə günəş panellərinin yarasaları tamamilə gözlənilməz şəkildə aldatdığını göstərdi”.
Məlumdur ki, yarasalar dünyanı exolokasiya vasitəsilə qavrayır. Onlar akustik siqnal göndərərək hamar səthə, məsələn gölə doğru yönəldikdə səs həmin səthdən əks olunur. Tədqiqatda günəş panellərinin də oxşar şəkildə su hövzəsi kimi “siqnal qaytardığı” qeyd edilir.
Alimlər günəş panellərini yarasalar üçün “sensor tələlər” adlandırır. Bu illüziya onların davranışını dəyişdirir, aktivliyin azalmasına və yaşayış mühitindən uzaqlaşmaya səbəb olur. Beləliklə, günəş elektrik stansiyaları yarasaların qidalanması və hərəkəti üçün yeni ekoloji maneə yaradır.
Son araşdırmalar göstərir ki, bəzi quş növləri də günəş panelləri ilə bağlı oxşar problemlərlə üzləşir.
Samir


