ABŞ-İran müharibəsi: Hansı geri addım atacaq?

DÜNYA
13:05 / 11.06.2026
114

“İranın ABŞ bombardımanı qarşısında geri addım ataraq danışıqlarda güzəştə gedəcəyinə inanmıram”.

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

O, fikrini belə əsaslandırıb:


“Çünki geri addımın atılması zənginləşdirilmiş urandan və Hörmüz boğazının statusudan imtina edilməsi deməkdir. Əslində bunlar İranın əlindəki əsas “silah”lardır. Məhz bu faktorlardan istifadə edən rəsmi Tehran ABŞ və İsraili bir sıra məsələlərdə geri oturdub. Hətta mən deyərdim ki, Ağ Ev bu prosesdən çıxmaq imkanlarını axtarır, amma tapa bilmir. Çünki uzun-uzadı müharibə aparmaq ABŞ-yə sərf etmir”.

Ekspert qeyd edib ki, ABŞ-nin uzun müddət İranı blokadada saxlamaqla zaman-zaman onu zərərsizləşdirmək siyasətini həyata keçirə biləcəyi barədə fikirlər də səsləndirilir:
“Ancaq bu, ilk öncə növbədə Donald Tramp administrasiyasının işinə yaramır. Çünki onlar üçün zaman kifayət qədər əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, ABŞ-də noyabr ayında aralıq seçkiləri keçiriləcək. Bundan başqa, Trampın Avropa, Ukrayna, Kuba, Panama, Kanada və Qrenlandiya ilə bağlı da bir sıra planları var. Lakin İran məsələsinə görə bütün bu planları təxirə salmaq məcburiyyətində qalıb”.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Yaxın Şərqdəki gərginliyə görə dünya iqtisadiyyatına da hər gün böyük zərbə dəyir:
“Təbii ki, İran iqtisadiyyatına da zərbə dəyir. Amma Hörmüz boğazının bağlı qalması və müharibə şəraitinin davam etməsi daha çox dünyanın iqtisadiyyatının əhəmiyyətli bir tərkib hissəsini təşkil edən ABŞ iqtisadiyyatına ciddi zərbə vurur. Bir tərəfdən onun müttəfiqləri olan Körfəz ölkələrinin neft məhsullarını və sıxılmış qazlarını dünya bazarına çıxara bilmir, eləcə də mineral gübrələrin daşınması prosesində ciddi çətinliklərin yaranır. Digər tərəfdən də ABŞ-nin Şərqi Asiyadakı müttəfiqlərinin neft məhsulları ilə təmin olunmasında ciddi problemlər baş verir. 

Həmçinin, ABŞ-nin Avropadakı müttəfiqlərinin də bu enerji resursları əldə etmələri əngəllər ortaya çıxır. Çünki Rusiya-Ukrayna müharibəsinə görə Avropa həm də Rusiya enerji məhsullarından imtina etmək məcburiyyətində qalıb. Bu tərəfdən də Körfəz ölkələrinin enerji məhsullarını əldə edə bilməməsi Avropa iqtisadiyyatı üçün böyük təhdidlər yaradır. Hər halda, bir müddət sonra bunun dünya iqtisadiyyatında zərərini daha açıq şəkildə görəcəyik”.

Xəyal Bəşirov hesab edir ki, İranda müharibə şəraitinin davam etməsi İsrail üçün tarixi şans yaradıb: 
“Ola bilər Benyamin Netanyahu üçün qarşıdakı seçkilər baxımından ciddi çətinliklər yaranar, amma ümumilikdə götürəndə İsrail dövləti prosesin davam etməsində maraqlıdır. 

Rəsmi Tehran isə geri addım atmaq niyyətində deyil. Düzdür, İran iqtisadiyyatına ciddi zərbələr dəysə də, bu, zamanla “immunitetin formalaşmasına” gətirib çıxarıb.

Hətta Ukrayna müharibəsi başlayanda da Rusiyanın bir müddət sonra iqtisadiyyatında ciddi çətinliklərin yaranacağı və geri çəkilmək məcburiyyətində qalacağı ilə bağlı fikirlər səsləndirilirdi, amma artıq beşinci ildir ki, rəsmi Moskva bu müharibəni davam etdirir”.

Sədr bildirib ki, İran hücum edən tərəf olmasa belə iddialarından əl çəkmək niyyətində deyil: 
“Nə zənginləşdirilmiş urandan, nə də Hörmüz boğazının bağlı qalmasından imtina etmək istəyir. Əksinə, Tehran hakimiyyəti Hörmüz boğazı üzərində hüquqi statusunun tanınmasını tələb edir. Yekunda düşünürəm ki, ABŞ-nin geri addım atmaq məcburiyyətində qalma ehtimalı daha böyükdür”.

Pərviz

0