Böyük Britaniya, Fransa və Almaniya hesab edir ki, Ukrayna müharibədə təşəbbüsü ələ alıb və bu, keçmişdə Tramp və Putin arasında Alyaskada əldə edilmiş şərtlərdən daha əlverişli danışıqlar imkanları yarada bilər.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” anonim mənbələrə istinadən yazıb.
Bildirilir ki, “E3” ölkələri Rusiyanı müharibəni cəbhə xəttində dayandırmağa məcbur etmək və Ukraynaya çoxmillətli qüvvələrin yerləşdirilməsi də daxil olmaqla etibarlı təhlükəsizlik zəmanətləri vermək istəyir. Nəşr xatırladır ki, Vladimir Putin əvvəllər cəbhə xəttində dayandırılma ideyasını rədd edib və Avropa rəsmilərinin bir qismi Kremlin mövqeyinin yaxın zamanda dəyişməyəcəyini düşünür.
Bununla belə, Ukraynanın mövqeyinin güclənməsi və Rusiyanın həm cəbhədə, həm də iqtisadi baxımdan itkilərinin artması fonunda Avropa ölkələri danışıqlarda daha böyük rol qazanmaq üçün fürsət görür. Onlar bu prosesdə ABŞ prezidenti Donald Trampın dəstəyini almağa çalışırlar ki, Rusiyaya təzyiq artırılsın və onu danışıqlar masasına gətirmək mümkün olsun.
Planlara görə, Avropa, ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə danışıqların gələn ay keçirilməsi nəzərdə tutulur. Bununla paralel olaraq Britaniya və Avropa İttifaqı yaxın həftələrdə yeni sanksiya paketinin hazırlanması üzərində işləyir.
Eyni zamanda xatırladılır ki, Vladimir Putin Avropa liderlərinin vasitəçilik rolunu tənqid edərək onların Ukraynanın tərəfində olduğunu bildirib və Volodimir Zelenski ilə birbaşa görüş ideyasını rədd edib.
Samir


