Slovakiyada 7 min illik sirr: 77 skeletin kəllə sümükləri haradadır?

DÜNYA
22:34 / 12.06.2026
45

Slovakiyanın Vrable şəhəri yaxınlığında aparılan arxeoloji qazıntılar elm dünyasında böyük maraq doğuran bir kəşflə nəticələnib. Neolit dövrünə aid müdafiə xəndəyinin içərisindən 77 başsız insan skeleti aşkar edilib. Maraqlıdır ki, qalıqlar üzərində nə təsadüfi zorakılıq izləri, nə də epidemiya və ya kütləvi fəlakəti xatırladan xaotik mənzərə müşahidə olunub. Əksinə, cəsədlərin diqqətlə və müəyyən qaydada yerləşdirildiyi müəyyən edilib.

HİT.az xəbər verir ki, bu tapıntı tədqiqatçıları 7 min il əvvəl baş vermiş hadisələrin mahiyyətini anlamağa vadar edib.

Qazıntılar 2012-ci ildə başlanıb. İlk araşdırmalar eramızdan əvvəl təxminən 5250–4950-ci illərdə mövcud olmuş adi Neolit yaşayış məntəqəsini üzə çıxarmışdı. Ərazidə üç böyük məhəlləyə yayılmış təxminən 300 ev və onları əhatə edən nəhəng müdafiə xəndəyi aşkarlanmışdı.

Əsas sensasiya isə 2022-ci ildə ortaya çıxıb. Xəndəyin içərisində onlarla insan cəsədi kəllə sümükləri olmadan aşkar edilib. Yeganə istisna başı yerində qalan azyaşlı uşağın skeleti olub. Uşağın niyə fərqli şəkildə dəfn edildiyi hələ də məlum deyil.

Sümüklər üzərində aparılan analizlər göstərib ki, kəllə sümükləri kobud zorakılıq nəticəsində deyil, son dərəcə dəqiq və peşəkar şəkildə bədəndən ayrılıb.

Almaniyanın Kiel Universitetinin bioloji antropoloqu doktor Katarina Fuks bildirib ki, kəsik izləri nəzarətsiz zorakılığı deyil, demək olar ki, cərrahi dəqiqliyi əks etdirir.

Araşdırmanın həmmüəlliflərindən doktor Nils-Müller-Şessel isə hesab edir ki, bu proses həmin dövrdə mütəmadi şəkildə həyata keçirilən və dərin mənəvi məna daşıyan ritualın bir hissəsi olub.

Ən böyük sual kəllə sümüklərinin taleyi ilə bağlıdır. Xəndəyin ətrafında yalnız bir neçə kiçik sümük fraqmenti tapılıb. Kəllələrin hara aparıldığı, necə saxlanıldığı və ya harada dəfn edildiyi barədə heç bir arxeoloji iz yoxdur.

Mütəxəssislər müxtəlif ehtimalları nəzərdən keçirirlər. Bunlar arasında tanrılara həsr olunmuş qurban mərasimləri, trofey kimi başların toplanması ənənəsi və ya dini ayinlər yer alır.

Bir çox qədim mədəniyyətlərdə baş insanın ruhunun və şəxsiyyətinin daşıyıcısı hesab olunurdu. Vráble tapıntısının da oxşar inanc sistemi ilə əlaqəli olduğu güman edilir.

Tədqiqatın nəticələri "Proceedings of the Prehistoric Society" jurnalında dərc olunub. Alimlər qeyd edirlər ki, oxşar başsız dəfn nümunələri Avropada nadir hallarda müşahidə olunur. Lakin Cənub-Şərqi Avropa və Cənub-Qərbi Asiyaya doğru irəlilədikcə kəllə sümüklərinin çıxarılması ilə bağlı dəfn ənənələrinə daha tez-tez rast gəlinir.

Bu fakt Vrabledəki ritualın yalnız yerli adət olmadığını, daha geniş mədəni əlaqələr şəbəkəsinin bir hissəsi ola biləcəyini göstərir.

Gələcək araşdırmalarda DNT və izotop analizlərinin köməyi ilə bu insanların mənşəyi, qidalanma vərdişləri və bir-biri ilə qohumluq əlaqələri öyrəniləcək. Alimlər ümid edirlər ki, bu tədqiqatlar 7 min illik sirrin açılmasına kömək edəcək.

Samir
 

0