İnsanlığın Yer üzündəki mövcudluğunun nə qədər davam edəcəyi sualı fəlsəfədən elmə qədər hər dövrdə ən böyük maraq mövzularından biri olub. Bu suala cavab axtaran riyaziyyatçılar insanlığın nə vaxt məhv ola biləcəyini təxmin etmək üçün mübahisəli statistik formulu yenidən gündəmə gətiriblər.
HİT.az xəbər verir ki, elmi ədəbiyyatda “Qiyamət arqumenti” (Doomsday Argument) adlandırılan bu qeyri-adi hesablamada insanlıq tarixində indiyə qədər təxminən 117 milyard insanın yaşadığı ehtimalından çıxış edilir və gələcəklə bağlı narahatedici proqnozlar irəli sürülür.
“Qiyamət arqumenti” müasir elmdə geniş istifadə olunan Kopernik prinsipinə əsaslanır. Bu prinsipə görə insanlar kainatda xüsusi, imtiyazlı və ya unikal bir mövqeyə sahib deyil. Teoriyanı izah etmək üçün mütəxəssislər məşhur top nümunəsini göstərirlər: qarşınızda iki qutu olduğunu təsəvvür edin, birində 10, digərində isə 100 min nömrələnmiş top var. Gözünüz bağlı şəkildə bir top çəkdiyinizdə 4 rəqəmi çıxarsa, ehtimal baxımından bu topun 10 toplu qutudan gəlməsi daha məntiqli görünür.
Riyaziyyatçılar eyni məntiqi insan əhalisinə də tətbiq ediblər. Əgər insanlıq gələcəkdə trilyonlarla əhaliyə çatacaqsa, bizim hələ yolun çox əvvəlində, yəni ilk 117 milyardlıq mərhələdə doğulma ehtimalımız statistik baxımdan olduqca aşağı olardı. Buna görə də hazırda mövcud olmağımız insanlığın düşündüyümüzdən daha yaxın bir son mərhələdə ola biləcəyinə işarə kimi qiymətləndirilir. Tədqiqatçılar bu xronoloji xəttdə insanların xüsusi və ya erkən bir dövrdə deyil, təsadüfi bir zaman kəsiyində yer aldığını qəbul edirlər. Bu isə insanlığın gələcəkdə qalaktikaya yayılacağı və sonsuzadək yaşayacağı ilə bağlı optimist ssenarilərə skeptik yanaşma yaradır.
Bu riyazi modelə əsasən, indiyə qədər yaşamış 117 milyard insanın insanlıq tarixində ümumi olacaq sayın ən azı 5 faizini təşkil etmə ehtimalı 95 faiz kimi qiymətləndirilir. 100 faizlik ehtimal üçün bu rəqəm 20 dəfə artırıldıqda, Yer üzündə yaşaya biləcək maksimum insan sayı təxminən 2,34 trilyon nəfər kimi hesablanır. Mövcud doğum və artım templəri nəzərə alındıqda, bu həddə çatmaq təxminən 17 min 100 il çəkə bilər.
Teoriyanı dəstəkləyən alimlər bu müddətin insanlığın gələcəyi üçün statistik yuxarı sərhəd olduğunu vurğulayırlar. Yəni nüvə müharibəsi, qlobal iqlim böhranı, ölümcül pandemiya və ya kosmik fəlakət kimi hadisələr səbəbilə növbəti 17 min il ərzində insanlığın yox olma ehtimalı 95 faiz səviyyəsində qiymətləndirilir.
Bununla belə, yaxın dövrlərdə aparılan digər elmi tədqiqatlar bu risklərin daha erkən baş verə biləcəyini də göstərir. Milan Universitetindən tədqiqatçıların hazırladığı və qlobal ekoloji böhranları modelləşdirən simulyasiyaya görə, dünya əhalisi 2064-cü il kimi yaxın bir tarixdə kəskin azalma ilə üzləşə bilər. Alimlər bildirirlər ki, davamlılıq həddinin pozulması nəticəsində əhali 2 milyard səviyyəsinə düşərsə, bu, kəskin demoqrafik çöküşə səbəb ola bilər. Onların sözlərinə görə, bu, qəti bir proqnoz deyil, ətraf mühit dəyişikliklərinin insan cəmiyyətinə təsir sürətini göstərən xəbərdarlıq xarakterli modeldir.
Eyni zamanda, bu cür pessimist riyazi yanaşmalar elmi ictimaiyyətin tam razılığını qazanmayıb. Tənqidçilər hesab edirlər ki, modelin əsaslandığı fərziyyələr həddindən artıq sadələşdirilib və gələcəyi dəyişə biləcək texnoloji, bioloji və sosial amillər nəzərə alınmayıb. İnsanlığın digər planetlərdə məskunlaşması, tibbdə inqilabi irəliləyişlər və ya uzunmüddətli dayanıqlı sistemlərin yaradılması bu cür proqnozların etibarlılığını ciddi şəkildə zəiflədə bilər.
Samir

