Milyardlarla kilometr uzaqda yerləşən Yupiterin Europa peykinin buz altı okeanlarında həyat izlərinin axtarılması elmi ictimaiyyətin diqqət mərkəzindədir. Aparılan son riyazi modelləşdirmələr isə orada mövcud ola biləcək canlı orqanizmlərin mənşəyi ilə bağlı diqqətçəkən bir iddia ortaya qoyur.
HİT.az xəbər verir ki, uzun müddətdir qəbul edilən fikrə görə, həyat milyardlarla il əvvəl okean dibindəki hidrotermal bacalarda formalaşıb. Lakin bəzi tədqiqatçılar həyatın başlanğıcını yalnız Yer ilə məhdudlaşdırmamağa çalışır.
Kozmik tozlar, asteroidlər və kometlər vasitəsilə mikroorqanizmlərin kosmosda hərəkət edə biləcəyini irəli sürən panspermiya hipotezi son dövrlərdə yeni istiqamət qazanıb. Adətən həyatın kosmosdan Yerə gəldiyi düşünülürsə də, yeni riyazi model bunun əksini iddia edir. Tbilisi Azad Universitetinin tədqiqatçısı Zaza Osmanov “International Journal of Astrobiology” jurnalında dərc olunan araşdırmasında Yupiterin Europa peykindən mümkün mikrobial həyatın mənbəyinin birbaşa Yer ola biləcəyini irəli sürür.
Bəs Yer üzündəki orqanizmlər milyonlarla kilometr uzaqdakı bir peykə necə çata bilər? Əvvəlki araşdırmalar atmosferin yuxarı qatlarında olan toz hissəciklərinin kosmosdan gələn kosmik zərrəciklərlə toqquşaraq planetin cazibə qüvvəsindən qopa biləcəyini göstərmişdi. Professor Osmanov Yer üzündə həyatın ən azı 3,55 milyard ildir mövcud olduğunu xatırladaraq, bu müddət ərzində planetimizin kosmosa davamlı şəkildə bioloji material atdığını hesablayıb. Qalın buz təbəqəsi altında nəhəng okeanlara sahib olan Europa isə bu transfer üçün ən uyğun hədəf kimi göstərilir. Alim bakteriyaları qoruyacaq ölçüdə toz hissəciklərinin orbit trayektoriyaları və Yupiter sisteminə çatma müddətlərini əhatə edən geniş simulyasiya hazırlayıb. Hesablamalarda toqquşma zamanı baş verən yüksək temperatur şəraitində belə mikrobların yaşaya bilmə ehtimalları da ayrıca modelləşdirilib.
Hazırlanan model göstərir ki, Europa son 30–80 milyon illik dinamik səth dövründə Yerdən gələn katrilyonlarla hissəciyin təsirinə məruz qalıb. Osmanovun nəzəriyyəsinə görə, bu üzvi maddələr buz çatlaqlarından keçərək alt okeana çatıbsa, hazırda həmin qaranlıq sularda tamamilə Yer mənşəli mikrobial həyat inkişaf etmiş ola bilər.
Lakin bu yanaşma bakteriyaların kosmik radiasiyaya və dondurucu soyuğa nə qədər davamlı ola biləcəyi sualını da gündəmə gətirir. Buna baxmayaraq, mütəxəssislər Günəş sistemi daxilində belə lokal bioloji transferin tamamilə mümkünsüz olmadığını bildirirlər. “Massachusetts Texnologiya İnstitutu (MIT)”də çalışan planetoloq professor Ben Vayss planetlərin bioloji baxımdan tam izolyasiya olunmadığını qeyd edib. Hətta Marsdan Yerə milyardlarla ton süxurun daşındığı, bəzən isə yumruq ölçüsündə Mars parçalarının cəmi bir il ərzində Yerə çata bildiyi məlumdur. Yer kürəsinin öz həyatını kosmosa ötürüb-ötürmədiyi isə gələcəkdə Europa-ya planlaşdırılan kosmik missiyalarla daha dəqiq aydınlaşacaq.
Samir


