Avropa Şurasının prezidenti Antoniu Koşta konsensus əldə etmək bacarığı ilə tanınsa da, yenidən seçilməyə hazırlaşdığı bir dövrdə qalmaqalla üzləşib. Səbəb onun komandası tərəfindən Rusiya rəsmiləri ilə aparılan və rəsmi şəkildə açıqlanmayan təmaslar olub.
HİT.az xəbər verir ki, bu addım Avropa İttifaqı ilə Moskva arasında uzun illərdir davam edən diplomatik məsafənin pozulması kimi qiymətləndirilir.
“Politico”nun Avropa diplomatlarına istinadən yaydığı məlumata görə, Koştanın baş müşavirinin yüksəkvəzifəli Rusiya rəsmiləri ilə danışdığı xəbəri bir çox paytaxtda narahatlıq yaradıb. Son aylarda artan bu narazılıq ötən həftə Koştanın sədrlik etdiyi Aİ sammitində daha açıq şəkildə üzə çıxıb.
Nəşr yazır ki, İspaniyanın baş naziri Pedro Sançes və Belçikanın baş naziri Bart De Vever kimi bəzi liderlər Koştanı müdafiə etsələr də, doqquz diplomatın sözlərinə görə, sammitin pərdəarxasında ciddi narazılıq hiss olunub.
“Koşta Mişelin üsulunu təkrarladı”, deyə diplomatların biri jurnalistlərə bildirib.
Burada söhbət Avropa Şurasının keçmiş prezidenti Şarl Mişeldən gedir. O, üzv dövlətlərlə kifayət qədər məsləhətləşmədən siyasi istiqamət müəyyən etməyə çalışmaqda ittiham olunurdu. Hazırda oxşar ittihamlar Koştaya qarşı da səsləndirilir.
Estoniyanın baş naziri Kristen Mixal jurnalistlərə açıqlamasında Koştanın addımını “səhv” adlandıraraq bildirib ki, Aİ eyni zamanda həm Ukraynanın tərəfdarı, həm də müharibədə vasitəçi rolunda çıxış edə bilməz. Litva prezidenti Gitanas Nauseda da hazırkı mərhələdə Rusiya prezidenti Vladimir Putinlə danışıqlara başlamağın uyğun vaxt olmadığını qeyd edib.
“Politico” vurğulayır ki, Avropa Şurası prezidentinin əsas vəzifəsi üzv ölkə liderlərini təmsil etmək olduğundan, onların tənqidi xüsusi əhəmiyyət daşıyır. Mənbələrin sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts də qapalı görüşlərdə Koştanın davranışından narazı olduqlarını bildiriblər.
Nəşr qeyd edir ki, bu qalmaqal yalnız Koştanın vəzifədə qalmaq perspektivlərinə deyil, həm də onun üzv dövlətlərin etimadını qorumasına təsir göstərə bilər. Bu isə xüsusilə Aİ-nin növbəti yeddiillik, təxminən 2 trilyon avroluq büdcəsi üzrə mürəkkəb danışıqların aparıldığı bir dövrdə böyük əhəmiyyət daşıyır.
Jurnalistlərin yazdığına görə, Aİ-də bir çoxları hesab edir ki, Koşta 2027-ci ildə keçiriləcək mühüm seçkilərdən əvvəl, xüsusilə Fransadakı prezident seçkilərinə qədər büdcə üzrə razılıq əldə etməlidir. Əgər həmin seçkilərdə ifrat sağçı namizəd qalib gəlsə, kompromis əldə etmək daha da çətinləşə bilər.
“Koştanı qarşıdakı aylarda ciddi sınaqlar gözləyir. İndiyə qədər o, sakit və effektiv fəaliyyət göstərirdi. Ümid edirik ki, yaranan suallar onun işini daha da çətinləşdirməyəcək”, deyə diplomatların biri bildirib.
Mənbələr həmçinin qeyd ediblər ki, 18 iyunda Brüsseldə keçirilən Aİ sammitində Rusiyayla danışıqlarda İttifaqı kimin təmsil etməli olduğu barədə müzakirələr o qədər uzanıb ki, liderlər axşam yeməyinə iki saat gecikiblər və Çinlə bağlı planlaşdırılan müzakirəni təxirə salmalı olublar.
Diplomatlardan birinin sözlərinə görə, yaranmış qarışıqlıq Koştanın zəif tərəflərini üzə çıxarıb. O, liderləri idarə etmək və gündəlikdəki məsələlər üçün vaxt bölgüsünü effektiv təşkil etməkdə çətinlik çəkib.
Bununla belə, nəşrin həmsöhbətlərindən biri hesab edir ki, Koştanın hələ də müəyyən etimad ehtiyatı var və onun siyasi gələcəyi üçün vəziyyət hələ kritik həddə çatmayıb.
Samir


