Rusiya bu il üzrə ən yüksək neft ixracı göstəricisinə nail olub.
HİT.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, ölkədən xam neft tədarükünün dörd həftəlik orta həcmi gündəlik 3,89 milyon barelə çatıb.
Nəşr qeyd edir ki, ABŞ və İran arasında əldə olunan müvəqqəti razılaşmadan sonra neft qiymətlərinin enməsi Moskvanın əlavə gəlirlərini azaldır və Yaxın Şərq ölkələrinin rəqabətini gücləndirir. Xüsusilə Hörmüz boğazının açıq qalması bazarda təklifi artırır.
Eyni zamanda, Rusiyanın neft ixracındakı artım Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələr fonunda baş verir. Hücumlar nəticəsində emal imkanları məhdudlaşdığı üçün daha çox xam neft ixraca yönəldilir.
Ukraynanın son hücumları, o cümlədən Moskva yaxınlığındakı neft emalı müəssisəsinə və Ukrayna sərhədindən təxminən 2 min kilometr uzaqlıqda yerləşən Tümen Neft Emalı Zavoduna endirilən zərbələr yanacaq təchizatında ciddi problemlər yaradıb.
Gəmi hərəkətinin izlənilməsi məlumatlarına və liman agentliklərinin hesabatlarına əsasən, iyunun 21-dək olan bir həftə ərzində 38 tanker Rusiyadan ümumilikdə 28,79 milyon barel xam neft daşıyıb.
Müqayisə üçün qeyd olunur ki, əvvəlki həftə 37 tanker vasitəsilə 27,29 milyon barel neft ixrac edilmişdi.
Gündəlik hesabla tədarük həcmi əvvəlki həftədəki 3,9 milyon bareldən 4,11 milyon barelə yüksəlib. Bu göstərici 2026-cı ilin ən yüksək səviyyəsi hesab olunur.
İlin əvvəlindən etibarən orta ixrac həcmi gündəlik 3,52 milyon barel təşkil edib ki, bu da 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanmasından sonra qeydə alınan bütün illik göstəriciləri üstələyir.
Moskva Hörmüz boğazının bağlandığı dövrdə öz nefti üçün sabit bazar tapa bilmişdi. Buna ABŞ-ın Rusiya neftinin tədarükünə tətbiq olunan bəzi sanksiyaları müvəqqəti yumşaltması da kömək etmişdi.
Lakin bu güzəşt müddəti iyunun 17-də başa çatıb. Əgər qərar yenilənməzsə, emal müəssisələrinin alternativ təchizatçılara üz tutacağı gözlənilir.
Yaxın Şərqdəki gərginlik fonunda Rusiyanın əldə etdiyi əlavə gəlirlər də sürətlə azalır. İyunun əvvəlindən etibarən dünya bazarında xam neft qiymətləri təxminən 16 faiz, Rusiyanın əsas ixrac markaları isə təxminən 20 faiz ucuzlaşıb.
Ekspertlər hesab edirlər ki, Moskva Hindistan bazarında alıcıları qorumaq üçün neftinə tətbiq etdiyi endirimləri artırmalı ola bilər. Bu isə neft gəlirlərinin daha da azalmasına gətirib çıxaracaq.
ABŞ Maliyyə Nazirliyi sülh danışıqları çərçivəsində İran neftinin satışına qarşı tətbiq olunan sanksiyaları avqustun 21-dək dayandırıb. Bu müddət Tehranla mümkün daimi razılaşma üzrə danışıqlarla üst-üstə düşür.
Nəticədə İranın neft ixracı sürətlə artır. Bəzi İran neft növləri Rusiyanın “Urals” markalı neftini əvəz edə bildiyi üçün bazarda rəqabət güclənir.
Bunun fonunda Çin və Hindistana istiqamətlənən Rusiya neftinin həcmi son həftələrdə nəzərəçarpacaq dərəcədə azalır. Əksinə, son təyinat nöqtəsi hələ müəyyən edilməmiş tankerlərdəki neft həcmi artır.
“Bloomberg”in hesablamalarına görə, iyunun 21-dək olan son 28 gün ərzində Rusiyanın xam neft ixracından əldə etdiyi ümumi gəlir 1,72 milyard dollar təşkil edib. Bu göstərici iyunun 14-dək olan əvvəlki dörd həftəlik dövrdə 2,02 milyard dollar idi.
Avropalı analitiklər bildirirlər ki, Rusiya iqtisadiyyatı müharibə səbəbindən ciddi şəkildə zəifləyib və onun inkişaf potensialı məhduddur. İşçi qüvvəsi çatışmazlığı ölkədə iqtisadi artımı əngəlləyən əsas amillərdən biri hesab olunur.
Bundan əlavə, Ukrayna pilotsuz aparatlarının zərbələri nəticəsində Rusiyada yanacaq qıtlığı da dərinləşir. Bir sıra yanacaqdoldurma məntəqələri benzinin kanistrlərə doldurulmasını dayandırıb və yalnız avtomobillərin çənlərinə yanacaq verirlər.
Ekspertlər xəbərdarlıq edirlər ki, yanacaq böhranı yaxın aylarda Rusiyada inflyasiyanın daha da sürətlənməsinə səbəb ola bilər.
Samir


