WSJ: Rusiya Belarusu iki ssenari üzrə cəbhəni genişləndirməyə məcbur edir

DÜNYA
17:00 / 24.06.2026
44

Rusiya Belarusun Ukraynaya qarşı müharibədə rolunu genişləndirmək və ölkə ərazisindən yeni əməliyyatlar, o cümlədən pilotsuz uçuş aparatları ilə zərbələr və NATO dövlətlərinə qarşı fəaliyyətlər üçün istifadə etmək məqsədilə Minskə siyasi və diplomatik təzyiqləri artırır.

HİT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri Rusiyadakı və Avropadakı hazırkı və keçmiş rəsmilərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Moskvanın Minskə təsir göstərmək üçün əsas kanallarından biri Belarusun özünü prezident elan etmiş rəhbəri Aleksandr Lukaşenko ilə Rusiyanın ölkədəki səfiri Boris Qrızlov arasında aparılan danışıqlardır.

“Rusiya Belarusa təzyiqləri artırır... Moskvanın tələbləri arasında Belarus ərazisindən Ukraynaya qarşı dron hücumlarının həyata keçirilməsi və cəbhə xəttinin qərbə doğru genişləndirilməsi də var”, – məqalədə qeyd olunur.

Jurnalistlərin məlumatına əsasən, Moskvada iki əsas ssenari nəzərdən keçirilir: Belarusun Ukraynaya qarşı zərbələrin gücləndirilməsi üçün istifadə olunması və ya Baltikyanı ölkələr və Polşa da daxil olmaqla NATO dövlətlərinə qarşı hibrid əməliyyatların həyata keçirilməsi.

“WSJ” yazır ki, Minskə təzyiq kampaniyası bu ilin əvvəlindən aktivləşib. Bu, Rusiyanın Ukraynanın şərqində üzləşdiyi hərbi çətinliklər və Ukrayna qüvvələrinin diqqətini yayındırmaq zərurəti ilə əlaqələndirilir.

“Məmurlar bildirirlər ki, Moskvanın taktiki nüvə silahları yerləşdirdiyi Belarus belə bir planın əsas iştirakçılarından biri ola bilər”, – materialda vurğulanır.

Moskva ilə Minsk arasındakı təmaslar

Nəşr həmçinin Rusiyanın keçmiş kəşfiyyat əməkdaşına istinadən bildirir ki, Moskva tərəfindən Belarusa təzyiqlər göstərilir və əməkdaşlıqdan imtina ediləcəyi təqdirdə maliyyə dəstəyinin azaldılması ilə bağlı hədələr səsləndirilir.

Bundan əlavə qeyd olunur ki, Kiyev daha əvvəl Belarusun Ukraynaya və ya NATO ölkələrinə qarşı mümkün əməliyyatlara cəlb edilməsinin müzakirə olunduğunu göstərən ələ keçirilmiş sənədlər barədə məlumat vermişdi.

“WSJ”nin məlumatına görə, Qərb liderləri artıq mümkün eskalasiya risklərini müzakirə ediblər. Xüsusilə, may ayında Fransa Prezidenti Emmanuel Makron Aleksandr Lukaşenko ilə telefon danışığı apararaq Belarusun müharibədə iştirakının dərinləşdirilməsinin nəticələri barədə xəbərdarlıq edib.

Fransa prezidentinin köməkçiləri təsdiqləyiblər ki, Paris Minskə münaqişəyə cəlb olunma risklərini açıq şəkildə çatdırıb.

Eyni zamanda, kəşfiyyat dairələrində bildirilib ki, hazırda Belarus ərazisindən genişmiqyaslı əməliyyatın dərhal hazırlanmasına dair əlamətlər yoxdur. Bununla belə, belə bir imkan NATO-nun reaksiyasını yoxlamaq və təzyiq aləti kimi aktual olaraq qalır.

“Bu, NATO-nun müdafiə imkanlarını sınaqdan keçirməyə və ya Ukraynaya dəstəyi zəiflətməyə yönəlmiş hücum ola bilər”, – “WSJ” qeyd edir və əvvəllər Belarus ərazisindən Polşanın hava məkanına daxil olmuş Rusiya dronları ilə bağlı insidentləri xatırladır.

Belarus ətrafında gərginlik

Xatırladaq ki, Belarusun MDB yanında daimi nümayəndəsi İqor Nazaruk Ukraynanı Bryansk vilayətində Belarus vətəndaşlarını daşıyan avtobusa hücum etməklə ölkəsini müharibəyə cəlb etməyə çalışmaqda ittiham edib. Onun sözlərinə görə, Belarus öz vətəndaşlarının həyatını və təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görəcək.

Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ukraynanın guya Belarusu müharibəyə cəlb etməyə çalışdığını bildirib.

“Zərurət yaranarsa, bütün tədbirlər kompleksi tətbiq oluna bilər”, – deyə Lavrov vurğulayıb.

Samir
 

0