Cənub-Şərqi Asiyada bitən strixnin ağacı (Strychnos nux-vomica) zahirən adi görünsə də, təbiətdəki ən təhlükəli zəhərlərdən birini ehtiva edir.
HİT.az xəbər verir ki, bu barədə "Discover Wildlife" nəşri yazır.
Həmişəyaşıl olan bu ağac əsasən Hindistan və Myanmada yayılıb. Onun almaya bənzər iri meyvələrinin içində yerləşən toxumlarda yüksək toksikliyə malik strixnin maddəsi olur.
Məlumata görə, toxumların tərkibinin təxminən 1,5%-ni, qurudulmuş çiçəklərinin isə 1%-ni strixnin təşkil edir. Bu səbəbdən meyvələrin istifadəsi son dərəcə təhlükəlidir.
Strixnin insan orqanizmində hərəkəti tənzimləyən sinir reseptorlarına təsir göstərir. Normalda neyromediatorlar əzələlərə həm hərəkət etmək, həm də dayanmaq siqnalları göndərərək spazmların qarşısını alır. Strixnin isə bu "dayan" siqnallarını bloklayır.
Zəhərlənmənin ilk əlamətləri əzələ seğirmələri ilə başlayır, daha sonra isə bütün bədəni əhatə edən güclü qıcolmalar yaranır. Ağır hallarda tənəffüsü idarə edən əzələlər fəaliyyətini dayandırır və bu, boğulma nəticəsində ölümlə nəticələnə bilər.
Mütəxəssislərin sözlərinə görə, zəhərlənən insan bütün proses ərzində şüurunu itirmir və baş verənləri tam dərk edir. Çünki strixnin beynin sinir sistemini də güclü şəkildə stimullaşdıraraq ağrı hissini artırır.
Ağacın təhlükəli maddələri bununla da bitmir. Onun qabığında olan brusin alkaloidi də əzələ spazmları, qıcolmalar və kəskin böyrək zədələnməsinə səbəb ola bilər.
Strixnin uzun illərdir detektiv ədəbiyyatında ən məşhur zəhərlərdən biri hesab olunur. Aqata Kristinin "Staylz malikanəsində müəmmalı hadisə", Artur Konan Doylun "Dördün işarəsi", Alfred Hiçkokun "Psixo" filmi və Stiven Kinqin "Mister Mercedes" romanında bu zəhər süjetin əsas elementlərindən biri kimi istifadə olunub.
Samir


