1995-ci ildə İngiltərənin Devon sahilləri yaxınlığında dənizin dibini araşdıran dalğıclar qeyri-adi tapıntı ilə qarşılaşıblar.
HİT.az "Popular Mechanics"ə istinadən xəbər verir ki, 18 metr dərinlikdə qumun üzərində 400-dən çox qızıl sikkə, qızıl zinət əşyaları, saf qızıl külçəsi və balığa bənzəyən qəribə qurğuşun ağırlıq aşkarlanıb.
Lakin tədqiqatçılar təxminən 30 il ərzində bu xəzinənin hansı gəmiyə məxsus olduğunu, gəminin hara getdiyini və qızılın haradan gəldiyini müəyyən edə bilməyiblər.
Hazırda Britaniya Muzeyində nümayiş etdirilən sikkələrin Mərakeşin Barbar sahillərindən gətirildiyi məlum olub. Onlar Qərbi Afrika qızılından hazırlanmış və Mərakeş dukatları formasında zərb edilmiş sikkələrdir. Bundan başqa, qatranla örtülmüş həblər, paxla dənələri, keramika məmulatları və möhür kimi tapıntılar gəmidəki gündəlik həyat haqqında maraqlı ipucları verib.
Artefaktların aşkar edildiyi ərazi təxminən 30 metr uzunluğunda olub və toplar, lövbərlər, taxta qalıqları, kəndirlər və gəminin konstruksiyasına aid qurğuşun hissələri ilə zəngin idi. Buna baxmayaraq, gəminin kimliyi uzun müddət naməlum qalmışdı.
Araşdırmalarda dönüş nöqtəsi gözlənilməz tapıntılar – qalaydan hazırlanmış kasa və qaşıq sayəsində baş verib. Onların Hollandiya mənşəli olduğu müəyyən edildikdən sonra axtarış dairəsi xeyli daralıb. Tarixçi Yan Frilin arxiv sənədlərində aşkarladığı məlumatlarla birlikdə bu fakt gəminin kimliyini müəyyən etməyə imkan verib.
Yeni nəşr olunan kitabda gəmi 1633-cü ildə Mərakeşdən Niderlanda qayıdarkən batan Hollandiya ticarət gəmisi "Dom van Keulen" kimi təqdim olunur.
Yeni aşkar edilmiş sənədlərə əsasən, gəmi güclü fırtınaya düşərək deşik alıb və İngiltərənin Salkomb şəhəri yaxınlığında batıb. Ekipajın bütün üzvləri sahilə sağ çıxmağı bacarıb və yükün böyük hissəsini xilas ediblər.
Bornmut Universitetinin dəniz arxeologiyası üzrə professoru və kitabın redaktoru Deyv Parham bildirib:
"Yükün tərkibində 150 kisə ərəb saqqızı, 64 kisə kalium nitratı, 320 keçi dərisi, müxtəlif heyvan dəriləri, 9 min bərbər dukatı və Mərakeş qızıl sikkələri var idi. Hesab olunur ki, yükün böyük hissəsi həmin dövrdə dənizdən çıxarılıb, lakin 400-dən çox sikkə 1995-ci ildə Cənub-Qərb Dəniz Arxeologiyası Qrupu tərəfindən aşkar edilənədək dənizin dibində qalıb".
Yeni kitab gəminin müəyyənləşdirilməsi istiqamətində aparılan 30 illik araşdırmaları ümumiləşdirir və tapıntını həmin dövrün tarixi kontekstində təhlil edir.
Müəlliflər bildirirlər ki, əvvəlcə gəminin mənşəyi ilə bağlı müxtəlif fərziyyələr irəli sürülsə də, artefaktların təhlili onun Hollandiyaya məxsus olduğunu göstərib.
Parhamın sözlərinə görə, bu tapıntı Səədilər sülaləsinin sərvəti və memarlığı, Afrika qızılının ticarəti, eləcə də XVII əsrdə Mərakeş, Niderland və Böyük Britaniya arasında mövcud olmuş inkişaf etmiş dəniz ticarəti barədə mühüm məlumatlar təqdim edir.
Araşdırma müəllifləri qeyd edirlər ki, "Dom van Keulen" Hollandiya tacirlərinin Niderland istehsalı olan malları Qərbi Afrika qızılı ilə dəyişdiyi geniş ticarət şəbəkəsinin bir hissəsi idi. Hollandiyalılar çox vaxt Afrika qızılını əridərək öz sikkələrini zərb edirdilər. Bu sikkələr həmin dövrdə beynəlxalq dəniz ticarətində əsas ödəniş vasitələrindən biri hesab olunurdu.
Tapılan qızıl sikkələr və XVI–XVII əsrlərə aid Mərakeş zinət əşyaları həmin dövrün numizmatikası və zərgərlik sənəti baxımından nadir nümunələr sayılır.
"Dom van Keulen" haqqında isə çox az məlumat qorunub saxlanılıb. Gəminin heç bir təsviri mövcud deyil və onun ölçüləri yalnız batdığı yerin arxeoloji izlərinə əsasən təxmin edilir.
Britaniya Muzeyinin tədqiqatlar şöbəsinin rəhbəri Ceremi Hill bildirib:
"Devon sahilləri yaxınlığında suyun altında Afrika qızılının aşkar edilməsi heyrətamiz kəşf idi və onun buraya necə gəlib çıxması ilə bağlı çoxsaylı suallar yaratdı".
Samir


