İspaniyanın məşhur Rekopolis orta əsr şəhəri ilə bağlı 1945-ci ildə aşkarlanmış qızıl sikkə xəzinəsinin saxta ola biləcəyi iddia edilib.
HİT.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.
Məlumata görə, İspaniyanın aparıcı arxeoloqlarından biri sayılan Xuan Kabré 1945-ci ildə Rekopolis divarları arasında 90 qızıl sikkə tapıldığını bildirmişdi. Lakin iki il sonra onun vəfatından sonra da bu tapıntı İspan arxeologiyasının əsas sütunlarından biri kimi qəbul olunmuşdu.
Müasir tədqiqatçılar isə həmin sikkələrin əslində tapılmadığını, hadisənin isə elmi saxtakarlıq ola biləcəyini iddia edirlər. İspaniya Milli Elmi Araşdırmalar Şurasının üzvü Fernando Arse Sains bildirir ki, sikkələrin VI əsrə aid olduğu göstərilsə də, onların tapıldığı ərazinin ən erkən XII əsrdə inşa edildiyi ehtimal olunur.
Alimin fikrincə, bu uyğunsuzluq ciddi “tarixi saxtakarlıq” ehtimalını gücləndirir. O, bu hadisəni “tarixşünaslıq üçün sarsıdıcı qalmaqal” kimi qiymətləndirərək, təqdim edilən məlumatların şübhəli olduğunu vurğulayıb.
Eyni zamanda bəzi tədqiqatçılar Kabréni müdafiə edir və onun işlərinin İspaniyada müasir arxeologiyanın əsasını qoyduğunu bildirirlər. Onların fikrincə, arxeoloqun apardığı qazıntılar elmi baxımdan etibarlı olub və saxtakarlıq iddiaları əsassızdır.
Rekopolis arxeoloji kompleksi Madrid yaxınlığında yerləşir və vestqot dövrünə aid qədim şəhər hesab olunur. Əfsanəvi tapıntı sayılan sikkələr həmin şəhərin yerinin müəyyən edilməsində mühüm rol oynadığı üçün bu mübahisə elmi ictimaiyyətdə böyük rezonans doğurub.
Samir


