1864-cü ildən bəri elmə məlum olan məşhur Himalay çuxurbaş ilanı əslində tək bir növ deyil.
HİT.az "Ecoticias"ə istinadən xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupu bu ad altında 5 ayrı ilan növünün olduğunu aşkar edib və bunlardan üçü ilk dəfə rəsmi olaraq təsvir edilib. Qeyd olunur ki, 160 ildən çoxdur ki, Himalay çuxur ilanının (Gloydius himalayanus) Pakistan, Hindistan və Nepalda geniş yayıldığına inanılırdı. Lakin ətraflı təhlil göstərdi ki, söhbət hər biri məhdud ərazidə yaşayan bir neçə müstəqil növdən gedir.
Bundan sonra "Gloydius himalayanus" adı yalnız Hindistanın şimal-qərbində yaşayan populyasiyalar üçün saxlanılıb.
Alimlər 2022-ci ildə təsvir edilmiş "Gloydius chambensis" növünün statusunu da təsdiqləyiblər. Bundan əlavə, üç yeni növ aşkar edilib:
* Pakistanın şimal-şərqində yaşayan "Gloydius hazarensis";
* Hindukuş dağlarının ətəklərində məskunlaşan "Gloydius hindukushensis";
* Nepalın qərbində yayılan "Gloydius nepalensis".
Yeni növlərin formalaşmasına nə təsir edib?
Tədqiqatçılar bildiriblər ki, yeni növlərin yaranmasında Himalay və Hindukuş dağ sistemləri mühüm rol oynayıb.
Dərin çay dərələri, yüksək dağ silsilələri və mürəkkəb relyef minilliklər ərzində ilan populyasiyalarını bir-birindən təcrid edib. Bu proses isə onların təkamül yolu ilə ayrılmasına səbəb olub.
Alimlərin sözlərinə görə, kəşf yalnız biologiya baxımından deyil, təbiətin qorunması baxımından da böyük əhəmiyyət daşıyır.
Əvvəllər bu ilan geniş yayılmış bir növ hesab olunurdusa, indi məlum olub ki, yeni müəyyən edilən növlərin hər biri daha kiçik yaşayış arealına malikdir. Bu isə onların iqlim dəyişikliklərinə və nəsillərinin tükənməsi təhlükəsinə qarşı daha həssas ola biləcəyini göstərir.
Bundan əlavə, daha dəqiq təsnifat bu ilanların zəhərinin gələcək tədqiqatları, təbiəti mühafizə proqramlarının hazırlanması və yerli ekosistemlər üçün risklərin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Araşdırmanın müəllifləri qeyd edirlər ki, hətta yaxşı öyrənilmiş heyvan növləri belə alimləri təəccübləndirməyə davam edə bilər.
Onların fikrincə, bu tədqiqat Yer kürəsinin biomüxtəlifliyinin öyrənilməsinin hələ başa çatmadığını və muzey kolleksiyalarının elmi kəşflər üçün ən qiymətli mənbələrdən biri olaraq qaldığını göstərir.
Samir


