Belarus Putinin təzyiqi və Zelenskinin ultimatumları arasında qalıb - KİV

DÜNYA
16:56 / 07.07.2026
60

Belarus prezidenti Aleksandr Lukaşenko Moskvanın təzyiqi və Kiyevin sərt xəbərdarlıqları arasında qalıb. Bu fonda o, açıq şəkildə Belarus ordusunun Ukraynaya qarşı müharibədə iştirak etməyəcəyinə söz verib. 

HİT.az xəbər verir ki, bu barədə "The Washington Post" yazır.

Kreml Belarusun öz hərbi planlarına daha fəal cəlb edilməsi yollarını axtarmaqda davam edir. Ukrayna isə Rusiya ordusuna dəstək üçün istifadə olunan obyektlərə zərbə endirməyə hazır olduğunu nümayiş etdirir.

Son hadisələrdən biri Ukrayna prezidenti Volodimir Zelenskinin Belarusun Brest və Qomel vilayətlərində yerləşən dörd retranslyasiya stansiyası ilə bağlı xəbərdarlığı olub. Kiyevin məlumatına görə, həmin stansiyalar Ukrayna şəhərlərinə hücum edən Rusiya pilotsuz uçuş aparatlarının siqnalını gücləndirmək üçün istifadə olunub.

Zelenski Minskə onların fəaliyyətinin dayandırılması üçün yeddi gün vaxt verib və əks halda Ukraynanın həmin obyektləri məhv edə biləcəyini bildirib.

Bundan qısa müddət sonra retranslyatorların fəaliyyətini dayandırdığı bildirilib. Belarus hakimiyyəti bunu rəsmi şəkildə təsdiqləməyib. Lakin əvvəlcə məlumatı Rusiya hərbi bloqerləri yayıb, daha sonra Zelenski də bu barədə açıqlama verib.

Bundan sonra Lukaşenko Rusiyaya gedərək Rusiya lideri Vladimir Putinlə Valdaydakı iqamətgahda iki gün davam edən qapalı görüş keçirib. Danışıqlardan sonra tərəflər heç bir açıqlama verməyiblər. Kremlin sözçüsü Dmitri Peskov görüşü yalnız "qeyri-rəsmi qarşılıqlı əlaqə" kimi qısa şəkildə təsvir edib.

Belarus hərbçiləri qarşısında çıxış edən Lukaşenko bildirib ki, Minsk müharibəyə qoşulmağı planlaşdırmır: "Mən bir daha vurğulayıram, əziz yoldaşlar, heç kim sizi bu qanlı müharibəyə göndərmək niyyətində deyil. Bizə müharibə lazım deyil. Ukraynada müharibənin getməsi pisdir. Biz məsələlərin sülh yolu ilə həllinin tərəfdarıyıq".

Daha əvvəl Lukaşenko Kiyevi təxribatlardan çəkinməyə çağırmışdı. "Belarusdan, xüsusilə də məndən hər hansı hərbi fəaliyyət gözləmək lazım deyil", deyə Belarus lideri bildirib.

Bununla yanaşı, o, Ukrayna prezidenti ilə bağlı sərt ifadələr işlətməsinin düzgün olmaya biləcəyini də etiraf edib. "Bəlkə də bunu deməməli idim... Amma digər tərəfdən, o anlamalıdır: nə əkirsənsə, onu da biçirsən", deyə Lukaşenko bildirib.

Ukraynalı rəsmilər artıq bir neçə aydır xəbərdarlıq edirlər ki, Rusiya ordusunun cəbhədə çətinliklərlə üzləşdiyi bir vaxtda Moskva Belarusun müharibəyə cəlb olunmasına çalışır.

Bununla belə, ekspertlər Belarus qoşunlarının birbaşa döyüşlərə qoşulmasını az ehtimal olunan ssenari hesab edirlər. Onların fikrincə, Rusiya əvəzində Belarus ərazisindən Ukraynanın logistikasına zərbələr endirmək və ya NATO ölkələri ilə sərhəddə əlavə gərginlik yaratmaq üçün daha fəal istifadə edə bilər.

Avropalı rəsmilərdən birinin sözlərinə görə, mümkün ssenarilərdən biri Belarus ərazisindən Ukraynaya Qərb hərbi yardımının çatdırıldığı marşrutlara hücumların həyata keçirilməsidir.

"Müharibəni udmaq kifayət qədər çətindir, əgər Qərbdən Ukraynaya tədarük yollarını kəsməsən", deyə mənbə bildirib.

Analitiklər diqqət çəkirlər ki, Lukaşenkonu yalnız müharibə riski məhdudlaşdırmır. Çin və ABŞ ilə münasibətlər də mühüm rol oynayır.

Lukaşenkonun Pekinə son səfəri zamanı Çin lideri Si Cinpin Belarusun suverenliyinə və ərazi bütövlüyünə dəstək verdiyini bildirib.

Eyni zamanda Minsk son dövrlərdə ABŞ-la əlaqələri də fəallaşdırıb. Vaşinqtonun vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra Belarus siyasi məhbusların bir hissəsini azad edib, ABŞ isə bəzi Belarus strukturlarına qarşı sanksiyaları yumşaldıb.

"Carnegie Russia Eurasia" proqramının eksperti Artem Şraybman hesab edir ki, məhz Qərblə dialoqu qorumaq istəyi Lukaşenkonu müharibəyə daha dərindən cəlb olunmaqdan çəkindirir: "Lukaşenko anlayır ki, Belarus tam şəkildə müharibəyə cəlb olunarsa, bu, Qərblə, xüsusilə də ABŞ-la dialoqu çətinləşdirəcək".

Analitiklərin qiymətləndirmələrinə görə, hazırda Minsk Rusiyadan asılılıq və müharibənin tamhüquqlu iştirakçısına çevrilmək istəməməsi arasında balans saxlamağa çalışır. Lakin hər iki tərəfdən təzyiq getdikcə artır.

Samir

0