Son zamanlarda Rusiyanın hansısa NATO ölkəsinə hücum edəcəyinə dair iddialar sürətlə yayılmaqdadır.
Artıq ortada təhdid altında olan konkret ölkələr var. Söhbət Polşa, Estoniya, Finlandiya, Moldova, Litva və Norveç kimi dövlətlərdən gedir. Üstəlik, adıçəkilən ölkələrin hər biri bu təhdidə qarşı müəyyən addımlar atıblar. Son məlumatlara görə, Estoniyada küçəyə çıxma qadağası elan olunub, Polşada isə sərhədə ordu və hərbi texnika yığılır. İş o yerə çatıb ki, liderlər səviyyəsində belə Rusiyanın belə bir təhdidinin olduğu etiraf edilir.
Bəs bu ehtimal nə qədər realdır? Rusiya həqiqətən NATO ölkəsinə necə hücum edə bilər?
Politoloq Pərviz Mirizadə Hit.az-a açıqlamasında bildirib ki, artıq bir müddətdir Avropa ölkələri arasında, xüsusilə NATO-nun şərq cinahında yerləşən dövlətlər tərəfindən öz hərbi imkanlarının mütəmadi olaraq yenilənməsi və orduların döyüş qabiliyyətinin daha da praktiki olaraq artırılması istiqamətində addımların atıldığının şahidi oluruq:
“Təbii ki, bunlar situativ bir gedişlər deyil, bir növ total hərbi qarşıdurmaya hazırlıq hissəsinin tərkib hissəsidir. Təhdid kimi isə birmənalı olaraq Rusiya faktoru nəzərə çatdırılır. İndiki şəraitdə Rusiya faktiki olaraq Ukrayna cəbhəsində kifayət qədər mürəkkəb və çətin situasiya ilə üzləşsə də, aydındır ki, Kremlin öz hərbi ambisiyalarından geri durmur və mütəmadi olaraq Avropa ölkələrini, xüsusən də Baltikyanı dövlətləri hərbi cəhətdən təhdid edir.
Əgər Rusiyanın qarşısında real bir güc faktoru nümayiş etdirilməsə, Kreml öz geosiyasi ambisiyalarını məhz hərbi gücün tətbiqi ilə reallaşdırmağa çalışacaq. Nəticədə, mütləq şəkildə bir gün bu müharibə Avropanın özünə də sıçrayacaq”.
Ekspert hesab edir ki, bu səbəbdən Avropa ölkələri faktiki olaraq məhz öz hərbi imkanlarını genişləndirməyə və NATO çərçivəsində bir növ hazırlıq tədbirlərini görməyə çalışırlar:
“İndiki şəraitdə düşünmək olar ki, Rusiyanın Ukrayna cəbhəsində üzləşdiyi vəziyyət onun ordularının daha geniş bir müharibəyə başlamasına müəyyən qədər əngəl törədir, amma bu günləri əgər Avropa dövlətləri, xüsusilə Avropa liderləri ciddi hərbi təhdidlə bağlı fikirlər səsləndirirlər. Təbii ki, bunun ardında dəqiq kəşfiyyat məlumatlarının olduğu aydın məsələdir. Yəni hər hansı bir ciddi, real təhdid görünmədən bu tip təşviş yaradacaq və xaosluq vəziyyət formalaşdıra biləcək hərbi fikirlər səsləndirmək məqsədəuyğun olmaz.
Reallıq ondan ibarətdir ki, faktiki olaraq bir Rusiya təhdidi var və Avropa ölkələri bunu artıq reallıqda hiss edirlər. Yəni Kremldə son dövrlər öz nüvə imkanlarını nümayiş etdirməyə başlaması, xüsusilə də qitələrarası balistik raketlərin mütəmadi olaraq sınaqlarının keçirilməsi bu təhdidin bir tərkib hissəsidir. Böyük ehtimalla, Kreml NATO-nun çevik reaksiya imkanlarını test etmək məqsədilə hər hansı bir hərbi manevrlər etməyə çalışacaq. Hesab edirəm ki, Moskvanın əsas məqsədlərdən biri də NATO-nun 5-ci maddəsinin sınağının keçirilməyi ola bilər”.
Onun sözlərinə görə, Rusiyanın hansısa Avropa ölkəsinə genişmiqyaslı hərbi əməliyyata başlama ehtimalı çox aşağıdır:
“Faktiki olaraq Rusiya bu günləri Ukraynada ciddi hərbi uğurlar əldə edə bilmirsə, eyni ssenarini Avropa üzərində təkrarlamaq daha ciddi nəticələrə gətirib çıxarar. Rusiyanın öz qoşunlarının parçalaması, bir neçə istiqamətdə müharibəyə başlaması, xüsusən NATO kimi bir vahid bir blok qarşısında hərbi imkanlarını böyük ölçüdə zəiflədəcək və sıfırlayacaq bir situasiya ola bilər. Bu səbəbdən də total müharibə ssenarisinin indiki şəraitdə reallıqdan uzaq olduğu qənaətindəyəm”.
Elmir Mustafa



