İrkutsk vilayətində 340-dan çox aqressiv ayı məhv edilib.
HİT.az xəbər verir ki, bu barədə regionun rəhbəri İqor Kobzev "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, yaşayış məntəqələrinin yaxınlığında ayıların görünməsi ilə bağlı hər gün 80-dək məlumat daxil olur. Ən gərgin vəziyyət Bratsk, Tayşet, Sludyanka, Ust-İlim, Ust-Kut, Nijneilim və Nijneudinsk rayonlarında müşahidə olunur.
Kobzev bildirib ki, sentyabrın 30-na olan məlumata görə, 564 ayının sayının tənzimlənməsi ilə bağlı 193 qərar qəbul edilib və 342 ayı məhv olunub.
"Ov təsərrüfatı mütəxəssisləri, meşəbəylər və təcrübəli ovçulardan ibarət 142 qrup yaradılıb. Region üzrə hər gün 12-15 ayı ovlanır. Bu, ötənilki göstəricidən təxminən 5 dəfə çoxdur", deyə qubernator əlavə edib.
Avqustun əvvəlindən Rusiyanın doqquz regionunda ayıların insanlara hücumu qeydə alınıb. Belə hallar Altay və Buryatiya respublikalarında, Krasnoyarsk və Kamçatka diyarlarında, Kemerovo, Amur, İrkutsk, Tomsk və Novqorod vilayətlərində baş verib. Bu il ümumilikdə 20-yə yaxın belə hücum qeydə alınıb.
Bundan əvvəl Primorsk diyarında yerli sakin ayının ağzını açaraq onun hücumundan xilas ola bilib. Artyom adlı kişinin sözlərinə görə, o, dostu ilə birlikdə meşəyə gedib. Aqressiv yırtıcı heyvan peyda olduqda rusiyalı kişi onun üstünə kisə ataraq gizlənməyə qaçıb.
Samir


