Misirdə 1700 illik məzar aşkarlandı: İçindən qədim yunan dilində yas şeiri tapıldı

DÜNYA
22:17 / 30.09.2026
53

Misirin Qərb səhrasında arxeoloqlar təxminən 1700 il yaşı olan məzar aşkarlayıblar. Qəbirdə qədim yunan dilində yazılmış 19 sətirlik yas şeiri, Roma imperatoru Konstantinin adının həkk olunduğu bürünc sikkə və digər tarixi artefaktlar tapılıb.

HİT.az xəbər verir ki, “The Independent”in məlumatına görə, əhəngdaşından piramida formasında inşa edilən məzar nüfuzlu bir kişi və onun həyat yoldaşının dəfni üçün nəzərdə tutulub. Kompleksin memarlığı və üzərindəki yazılar bölgənin Roma hakimiyyəti dövründəki mədəni və dini xüsusiyyətləri barədə məlumat verir.

Arxeoloji qazıntılar zamanı qədim yunan dilində yazılmış daş lövhə, ölülər üçün qurban masası, qumdaşından hazırlanmış yuyunma qabı və müxtəlif saxsı qablar aşkarlanıb. Məzarın girişinə 14 pilləli pilləkən aparır. Girişdə yazılar və heroqliflərlə bəzədilmiş daş lövhə yerləşir.

Məzarın divarlarında qədim Misirin dini mətnlərindən biri olan “Amduat”dan nadir təsvir də üzə çıxarılıb. Bu əsərdə günəş tanrısı Ra-nın yeraltı dünyaya səyahətindən bəhs edilir. Divarlarda mərhumu axirətdə qorumaq məqsədi daşıyan heroqlif yazılar və dualar da qorunub.

Arxeoloqlar üçün ən mühüm tapıntı isə dəfn zalının divarına yerləşdirilmiş monumental daş lövhə olub. “Martyr” adlandırılan bu lövhədə Bisixtes adlı şəxsin xatirəsinə yazılmış 19 sətirlik yas şeiri həkk edilib.

Şeirdə Bisixtes “həyatda məsləhətçi” kimi təqdim olunur və onun müdrikliyi təriflənir. Tədqiqatçılar onun III əsrin sonu – IV əsrin əvvəllərində yaşamış hakim ola biləcəyini ehtimal edirlər. Şeirin son hissəsində Bisixtesin oğlu Sarapion atasına müraciət edərək övladlarının gətirdiyi hədiyyələri qəbul etməsini xahiş edir.

Məzarın daxilində Konstantinin adının yazıldığı bürünc sikkənin tapılması kompleksin sonrakı dövrdə yenidən istifadə edildiyini göstərir.

Tədqiqatçılara görə, qədim yunan yazıları ilə Misir dini memarlığının eyni məzarda bir araya gəlməsi Roma dövründə Qərb səhrası ərazisinin çoxmədəniyyətli xarakter daşıdığını göstərir. Yunan dili Misirin Makedoniyalı İsgəndər tərəfindən eramızdan əvvəl 332-ci ildə fəth edilməsindən sonra ölkədə mühüm inzibati və mədəni dilə çevrilmiş, Misirin Roma əyalətinə çevrildiyi eramızdan əvvəl 30-cu ildən sonra da bu əhəmiyyətini qoruyub.

Misirin Turizm və Qədim Əsərlər Nazirliyi son qazıntılar zamanı məzarda insan qalıqlarının aşkarlanıb-aşkarlanmadığını hələ açıqlamayıb.

Samir

0