İngiltərədə pilləkənin altında 40 ildən çox gizlədilmiş uşaq qeydi tapılıb. Evin yeni sahibi təmir zamanı saralmış məktub aşkar edib. Məktub “Tapan şəxsə” sözləri ilə başlayıb və sosial şəbəkələrin köməyi ilə cəmi bir neçə saat ərzində onun müəllifini – hazırda 54 yaşlı müəllimə olan qadını tapmaq mümkün olub.
HİT.az xəbər verir ki, bu barədə “Onet Podróże” yazıb.
“Bunu tapan şəxsə”, dryə Reyçel Nort 1982-ci ildə 10 yaşı olarkən evində pilləkənin altındakı gizli bir küncdə qatlayaraq saxladığı məktubuna belə başlayıb.
Təxminən 40 il sonra onun gələcək nəsillər üçün yazdığı mesaj böyüdüyü Esseks qraflığının Hokli şəhərindəki evdə təmir işləri zamanı tapılıb.
“Mənim adım Reyçel Nortdur. Bu məktub 1982-ci il avqustun 12-də, kraliça II Yelizavetanın hakimiyyəti dövründə burada qoyulub. Mən burada anam, atam, qardaşım və Kizzi adlı pişiyimlə yaşayıram. Mənim 10 yaşım var”, deyə qeyddə yazılıb.
Hazırda həmin evdə yaşayan Mişel Harvud bu həftə kağız parçasını tapdıqdan sonra onun müəllifini axtarmağa qərar verib.
“‘Tapan şəxsə’ ifadəsi dərhal məndə qəribə hiss yaratdı. Bu məktubun mənim yaşadığım müddətdən də uzun müddət orada qaldığına inana bilmirdim”, deyə 36 yaşlı xeyriyyə təşkilatı əməkdaşı BBC-yə bildirib.
Məktub yerli “Facebook” qrupunda paylaşdıqdan sonra istifadəçilər şərhlərdə Reyçel Maylzın adını qeyd etməyə başlayıblar. Demək olar ki, dərhal 54 yaşlı, Bukingemşir qraflığının Milton-Kins şəhərində yaşayan müəllimə Maylz cavab verərək məktubu məhz özünün yazdığını təsdiqləyib.
“Düşünürəm ki, sosial şəbəkələr belə vəziyyətlər üçün əladır. Çünki onların sayəsində çox sayda insan bir-biri ilə əlaqə saxlaya bilir”, deyə Harvud bildirib. O, əlavə edib ki, onların ailələri hətta vaxtilə bir-biri ilə qarşılaşmış da ola bilər.
Məktubun müəllifi isə jurnalistlərə bildirib ki, bu qeydi “Blue Peter” adlı uşaq proqramından ilhamlanaraq yazıb.
“Düşündüm ki, gələcək nəsillər üçün belə bir mesaj qoymaq çox xoş olardı. Açığı, kimsənin onu tapmasından çox məmnunam”, – o deyib.
Samir


