Meksikanın Çyapas ştatında sakinlər cadugərlikdə şübhəli bildikləri cütlüklə amansız şəkildə davranaraq onları yandırıblar.
HİT.az xəbər verir ki, bu barədə “Need to Know” məlumat yayıb.
Hadisə yerli xalqların yaşadığı Las-Tasitas yaşayış məntəqəsində baş verib. Zərərçəkənlərdən biri müalicəçiliklə məşğul olub. Nəşrin məlumatına görə, polis hadisənin səbəblərini hələ də araşdırır.
Versiyalardan birinə görə, kişi bir neçə yerli sakinə yardım edib, lakin bundan qısa müddət sonra həmin şəxslər xəstələniblər. Buna görə də təbib və onun sevgilisi cadugərlikdə şübhəli bilinib.
Digər versiyaya əsasən isə icma üzvlərindən birinin ölümündən sonra məsuliyyət “cadugər”in üzərinə qoyulub.
Bundan sonra bir qrup insan cütlüklə zorakı şəkildə haqq-hesab çəkməyə qərar verib. Onlar cütlüyü bir neçə saat ərzində qapalı məkanda saxlayıb və bu müddət ərzində onları ağır şəkildə döyüblər. Daha sonra üzərlərinə yanar maddə tökərək od vurublar.
Hadisə yerindən yayılan görüntülərdə insanların alov içində qışqıran kişi və qadına baxdığı görünür. Şahidlər cütlüyə kömək göstərərək alovu söndürməyə cəhd etməyib, bəziləri isə baş verənləri telefon kameraları ilə lentə alıb.
Hazırda polis cinayətə aidiyyəti olan şəxsləri müəyyənləşdirir.
Samir


