Brüsseldə Ukraynanın yeni maliyyə yardımı tələbi dəstəklənməyib. Bu məsələ bir sıra Avropa ölkələrində keçiriləcək seçkilər fonunda Avropa hakimiyyətləri üçün mürəkkəb xarakter daşıyır.
HİT.az "Le Monde"yə istinadən xəbər verir ki, Ukraynanın yeni maliyyə yardımı tələbi hələlik Aİ rəsmiləri arasında razılıq qazanmayıb. Bildirilir ki, Avropa Komissiyasının qərargahında G7 ölkələri, Norveç və Cənubi Koreyanın nümayəndələri, həmçinin Beynəlxalq Valyuta Fondunun iştirakı ilə görüş keçirilib.
Nəşrin məlumatına görə, görüşün məqsədi Ukraynanın ehtiyaclarını qiymətləndirmək olub. Kiyev artıq daha əvvəl ayrılmış vəsaitə baxmayaraq, əlavə maliyyə yardımı istəyir.
Görüş zamanı Avropalı diplomatların birinin “Sanki səhranı sulayırıq” dediyi bildirilib.
Nəşr qeyd edib ki, Ukraynanın əlavə yardım üçün son müraciəti Brüsseldə çətinliklə qarşılanır.
"Le Monde"un məlumatına görə, Aİ üzvləri 2028–2034-cü illər üçün Ukraynaya 100 milyard avro ayrılmasının nəzərdə tutulduğu çoxillik büdcə ilə bağlı danışıqlar aparırlar. Lakin Almaniya və onun müttəfiqləri bu büdcənin azaldılmasını istəyirlər. Bu səbəbdən Ukraynaya yeni maliyyə dəstəyinin göstərilməsi çətin məsələyə çevrilə bilər.
Bundan əlavə, nəşr vurğulayır ki, 2027-ci ildə Avropada bir sıra mühüm milli seçkilər keçiriləcək. Bu ölkələrin bir çoxunda Ukraynanın maliyyələşdirilməsi məsələsi xüsusilə həssas mövzulardan biridir.
Söhbət Fransa, İspaniya, Polşa və İtaliyadakı seçkilərdən gedir. Nəşrin yazdığına görə, Fransada mümkün namizəd və sorğularda ön sıralarda olan Marin Le Pen artıq bəyan edib ki, seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynaya bütün maliyyə yardımını dayandıracaq.
Hazırda isə Brüssel qərar verməyi yubadır.
“Biz ehtiyaclarla bağlı detalları gözləyirik və onları necə qarşılaya biləcəyimizə baxacağıq. Müzakirə oktyabrın 9-da maliyyə nazirlərinin görüşündə və ya hətta oktyabrın ortalarında keçiriləcək Avropa Şurasının iclasında baş tuta bilər”, – avropalı diplomat nəşrə bildirib.
Avropa İttifaqı Ukraynaya maliyyə dəstəyinin əsas mənbələrindən biri olaraq qalır. 2026-cı ildə yardım bir neçə mexanizm, o cümlədən büdcə dəstəyi və müdafiə xərcləri üçün nəzərdə tutulan kreditlər vasitəsilə göstərilir.
Xüsusilə, Aİ 90 milyard avroluq kredit mexanizmini təsdiqləyib. Bunun təxminən 30 milyard avrosu Ukraynaya birbaşa büdcə dəstəyi, daha 60 milyard avrosu isə müdafiə ehtiyacları üçün nəzərdə tutulub.
Sentyabrın 24-də Aİ Şurası Ukraynaya daha 3 milyard avro məbləğində maliyyə yardımını təsdiqləyib.
Bundan əlavə, Norveç Ukraynaya 1 milyard avro məbləğində geri qaytarılmayan maliyyə dəstəyi göstərəcək.
Samir


