ABŞ-da rekord sayda ayı hücumu qeydə alınıb

DÜNYA
19:19 / 01.10.2026
54

ABŞ-ın ən azı 15 ştatında cari ildə insanların ayılarla qarşılaşmalarının sayı kəskin artıb. 

HİT.az-ın məlumatına görə, “The Guardian” ekoloq və bioloqların məlumatlarına istinadən yazır ki, bunun əsas səbəbləri ölkənin qərbində isti qış və güclü quraqlıqdır.

Mütəxəssislər bildirirlər ki, ayıların qış yuxusundan sonra qidalandığı giləmeyvə və palıd qozalarının azalması heyvanları yaşayış məntəqələrinə, zibil qutularına və digər qida mənbələrinə yönəldib.

“BearWise” təşkilatına rəhbərlik edən bioloq Neyt Bauersok bildirib: “Onlar təbii qida mənbələri tapa bilmədikdə, alternativlər axtarmağa məcbur olurlar”.

Ovçuluğun məhdudlaşdırılması və meşələrin bütöv şəkildə qırılmasına qoyulan qadağa ayıların sayının artmasına səbəb olub. Eyni zamanda insanlar onların yaşayış areallarına yaxın ərazilərdə getdikcə daha çox məskunlaşırlar.

Bauersok qeyd edib: “Biz getdikcə daha çox insanın ayıların yaşadığı ərazilərə köçdüyünü görürük və bu, onlarla qarşılaşmaların sayının artmasına gətirib çıxarır”.

Koloradoda bu il ayılarla bağlı 8,6 mindən çox müraciət daxil olub. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur. 294 yırtıcıya evtanaziya tətbiq edilib ki, bu da 2025-ci illə müqayisədə üç dəfə çoxdur. Bundan başqa, ayıların insanlara 10 hücumu qeydə alınıb ki, bu da tarixi rekorddur.

Konnektikutda son on il ərzində ayıların yaşayış evlərinə daxil olması ilə bağlı halların sayı iki dəfədən çox artaraq ən azı 60-a çatıb. Floridada isə ötən onillikdə insanlar ayılarla qarşılaşmaları barədə ildə orta hesabla 2,5 min dəfə məlumat verirdilərsə, hazırda bu göstərici 6,4 mindən çoxdur.

Bununla belə, mütəxəssislər ayı hücumlarının hələ də nadir hadisə olaraq qaldığını vurğulayırlar. Vayominq Ovçuluq və Balıqçılıq Departamentinin əməkdaşı Den Tompson bildirib ki, ayıların sayı onilliklər üzrə dəyişir. Onun sözlərinə görə, hazırkı anomal vəziyyətin gələcəkdə normaya çevriləcəyini gözləmək lazım deyil.

Samir

0