Argentinada nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan nadir And pişiyi fototələyə düşüb. Mütəxəssislər bu görüntünün regiondakı ekosistemin bərpası baxımından əhəmiyyətli olduğunu bildiriblər.
HİT.az xəbər verir ki, heyvan 30 yanvar 2026-cı ildə Argentinanın La-Payuniya qoruğundan bir neçə kilometr şərqdə quraşdırılmış fototələyə düşüb.
WCS Argentina təşkilatının məlumatına görə, Cənubi Amerikada yetkin And pişiklərinin sayı təxminən 2100 fərd təşkil edir. Növ əsasən ovlanma, yaşayış mühitinin itirilməsi və qida çatışmazlığı təhlükəsi ilə üzləşir.
Müşahidənin aparıldığı ərazi La-Payuniya qoruğunun yaxınlığında yerləşir. Ekoloqlar burada uzun illərdir təbii ərazilərin qorunması və bərpası istiqamətində iş aparırlar.
WCS Argentina-nın torpaqların mühafizəsi üzrə direktoru Andres Novaro And pişiyinin bölgədə görünməsini müsbət dəyişikliklərdən biri kimi qiymətləndirib.
“Bu ərazilərdə yükün azalması və təbii şəraitin bərpası ilə əvvəllər burada yaşayan bəzi növlər geri qayıdır, insan təsiri isə azalır”, – deyə o bildirib.
Mütəxəssis ərazidə aparılan son monitorinq zamanı Pataqoniya maralarının – dəniz donuzları ilə qohum olan iri gəmiricilərin – sayının da yüksək olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu göstərici yaşayış mühitinin qorunması və bərpasının bütövlükdə ekosistemə fayda verdiyini göstərir.
And pişiyi Cənubi Amerikanın nadir və qorunmağa ehtiyacı olan vəhşi pişik növlərindən biridir. Buna görə də onun fototələlər vasitəsilə qeydə alınması mütəxəssislərə həm növün yayılma arealını izləməyə, həm də ərazidəki ekoloji dəyişiklikləri qiymətləndirməyə imkan verir.
Samir


