ABŞ-ın Rays Universitetinin alimləri təhlükəli maddələri tutaraq parçalaya bilən yeni nanomaterialların hazırlanması üçün sürətli və ucuz üsul hazırlayıblar.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “ACS Applied Materials & Interfaces” jurnalında dərc olunub.
Mühəndislər laboratoriya şəraitində fasiləsiz işləyən xüsusi “mikrozavod” hazırlayıblar. Sistem məsaməli polimerlərin istehsalı üçün lazım olan maddələri fasiləsiz axın rejimində qarışdırır. Alimlərin sözlərinə görə, proses kiçik partiyalarla peçenye bişirməyə bənzəyir: üsul daha sürətlidir, daha az enerji tələb edir və əldə olunan materialın keyfiyyətinə daha dəqiq nəzarət etməyə imkan verir.
Hazırlanan materiallar kovalent üzvi çərçivələr (COF) adlanan xüsusi məsaməli strukturlardır. Onlar müəyyən qaz və molekulları seçici şəkildə özündə saxlaya və təhlükəli maddələrin parçalanmasına kömək edə bilir.
Tədqiqatçılar yeni materiallardan birini PFOA – “əbədi kimyəvilər” kimi tanınan PFAS qrupuna daxil olan maddə üzərində sınaqdan keçiriblər. Nəticələr göstərib ki, yeni nanogubkalar otaq temperaturunda işığın təsiri altında bu toksini mövcud bəzi filtr materiallarından daha sürətli parçalaya bilir.
Alimlər hesab edirlər ki, texnologiyanın tətbiqi yalnız suyun təhlükəli kimyəvi maddələrdən təmizlənməsi ilə məhdudlaşmayacaq. Məsaməli materialların molekulları seçərək tutmaq qabiliyyəti qədim mağaralarda və digər qapalı ekosistemlərdə qorunmuş kimyəvi izlərin araşdırılmasına da imkan verə bilər. Bu isə tarixdən əvvəlki insan və heyvanların yaşadığı mühit haqqında yeni məlumatların əldə edilməsinə şərait yarada bilər.
Əvvəllər COF materiallarının hazırlanması yüksək temperatur və zəhərli həlledicilər tələb etdiyindən proses həm baha başa gəlir, həm də geniş miqyasda istehsalı çətinləşdirirdi. Yeni axın tipli mikroreaktor texnologiyasının bu problemləri azaltması gözlənilir.
Gələcəkdə hazırlanan materialların yarımkeçiricilər, sensorlar və dərmanların orqanizmə çatdırılması sistemlərində də istifadəsi mümkün ola bilər.
Samir


