15 min avroluq göyərçin 243 kilometr uçaraq evinə 3 saata qayıtdı

DÜNYA
23:15 / 02.10.2026
51

Rumıniyada keçirilən göyərçin yarışında quşlar 243 kilometrlik məsafəni qət edib. Ən sürətli göyərçinlər bu məsafəni 3 saatdan bir qədər çox müddətə başa vurub.

HİT.az xəbər verir ki, yarışda ümumilikdə 617 göyərçin iştirak edib. Quşlar xüsusi maşınlarla Rumıniyadan Bolqarıstana aparılıb və start nöqtəsində buraxıldıqdan sonra öz yuvalarına qayıtmalı olublar.

Yarışdan əvvəl quşların nömrələri qeydiyyata alınıb, onları daşıyan avtomobillər isə möhürlənib. Beləliklə, bütün iştirakçıların eyni şərtlərdə yarışması təmin edilib. Ən sürətli göyərçinlər 243 kilometrlik yolu saatda təxminən 74 kilometr, yəni dəqiqədə 1230 metr sürətlə qət edib.

Bu quşların hazırlanması uzunmüddətli məşqlər və xüsusi qidalanma tələb edir. Onlara vitamin və amin turşuları ilə zəngin rasion verilir, məşqlər zamanı isə evdən 60-70 kilometr uzaqda buraxılaraq geri qayıtmaları öyrədilir. Göyərçinxanalarda yüzlərlə quş saxlanılsa da, onların yalnız bir hissəsi yarışlara cəlb olunur.

Uğurlu yarış göyərçinlərinin qiyməti də kifayət qədər yüksəkdir. Gənc göyərçinlər arasında ölkəsinin ən sürətlisi olan quşların 10-15 min avroya satıldığı bildirilir. Beynəlxalq bazarda isə bəzi qiymətli göyərçinlərə yüz minlərlə avro ödənilir, ən nadir nümunələrin dəyəri isə təxminən 1 milyon avroya çata bilir.

Göyərçin yarışlarında məsafələr də müxtəlif kateqoriyalara bölünür. Sprint yarışları təxminən 100-300 kilometr, orta məsafə 300-500 kilometr, uzun məsafə 500-700 kilometr təşkil edir. 700-900 kilometrlik yarışlar marafon, 900-1300 kilometrlik yarışlar isə ekstremal kateqoriyaya aid edilir.

Alimlər göyərçinlərin istiqaməti necə müəyyən etdiyini də araşdırırlar. Tədqiqatlara görə, quşların qrup halında uçması naviqasiyanı asanlaşdıra bilər və sürüdə daha təcrübəli quş digər göyərçinlərə rəhbərlik edir. Bununla belə, onların evə qayıdarkən ən qısa marşrutu necə seçməsi hələ də tam aydın deyil.

Samir

0