Henan vilayətinin Mədəni İrs və Arxeologiya İnstitutunun mütəxəssisləri həmkarları ilə birlikdə səkkiz min il əvvəl müasir Çin ərazisində yaşamış kişinin üzünü bərpa ediblər. Elmi iş qədim Ciahu yaşayış məskənində aşkarlanmış qalıqlar əsasında aparılıb və bölgənin ilk oturaq sakinlərindən birinin necə göründüyünü təsəvvür etməyə imkan verir.
HİT.az xəbər verir ki, bu barədə "Greek Reporter" portalı məlumat yayıb.
Alimlər müəyyən ediblər ki, qədim insan 25–30 yaşlarında ölüb. Skeletin təhlili onun kəlləsinin oval formada, qaşüstü qövslərinin qabarıq, almacıq sümüklərinin inkişaf etmiş və üzünün nisbətən yastı olduğunu göstərib. Professor Çju Hunun sözlərinə görə, tapılan qalıqlar erkən əkinçilər üçün xarakterik olan tarixəqədərki “Mərkəzi düzənliklərin qədim tipinə” aiddir.
Görkəmi bərpa etmək üçün tədqiqatçılar kəllənin yüksək dəqiqlikli üçölçülü modelini hazırlayıb və 28 nəzarət nöqtəsindən istifadə ediblər. Mütəxəssislər əldə olunan bazaya müasir çinli kişilərin yumşaq toxumalarının qalınlığı ilə bağlı məlumatları əlavə edib, həmçinin əzələlərin birləşmə nahiyələrini araşdırıblar. Görüntünün reallığa daha yaxın olması üçün kişinin yaşına uyğun olaraq üzə yüngül qırışlar və saqqal tükü əlavə edilib.
Qalıqlar eramızdan əvvəl IX–VII minilliklərdə mövcud olmuş neolit dövrünə aid Ciahu yaşayış məskənində aşkarlanıb. Bura Şərqi Asiyanın ən mühüm arxeoloji abidələrindən biri hesab olunur. Onilliklər ərzində aparılan qazıntılar zamanı burada yüzlərlə dəfn yeri, qədim sümük fleytaları və müasir alkoqollu içkilərin əcdadı sayılan erkən fermentləşdirilmiş içkinin izləri aşkar edilib. Yaşayış məskəni insanların oturaq həyata və mürəkkəb sosial rituallara keçməyə başladığı Çin sivilizasiyasının beşiklərindən biri hesab olunur.
Yeni rekonstruksiya 2026-cı ilin martında başlayan yaşayış məskənindəki 11-ci ekspedisiya ilə əlaqədar hazırlanıb. Bu müddət ərzində arxeoloqlar ərazinin təxminən 950 kvadratmetr hissəsini araşdırıb və 10 mindən çox artefakt aşkar ediblər.
Samir


